turkmenistan

Ceyhun ilə bəhri Xəzər arası

Əsər çöl üstündə yeli türkmənin

Gül-qönçəsi qara gözüm qarası

Qara dağdan gələr yeli türkmənin

Türkmən xalqının böyük şairi və mütəfəkkiri Mahtumqulu Fəraqinin bu dörd misrası qardaş xalqın tarixi coğrafiyasını, iqlimini, həyat tərzini özündə elə dəqiq əks etdirir ki, onun iti zəkasına və qələminin qüdrətinə sadəcə heyran qalırsan. Qoy həmişə Qara dağdan (Kopetdağ) selin gəlsin, qoy həmişə çölün üstdən yelin əssin, torpağın bərəkətli, ruzin bol olsun, doğma Türkmənistan!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsində iştirak etmək üçün qədim paytaxtımıza doğru irəliləyərkən birdən telefonuma zəng gəldi. Bildirdilər ki, iyun ayının 4-8-də Türkmənistanda keçiriləcək Azərbaycan mədəniyyəti günlərində iştirak etmək üçün adınız siyahıya daxil edilib. Gəncəyə çatana qədər bu şad xəbər qulaqlarımda Axaltəkə və Qarabağ atlarının qoşa kişnərtisi kimi əks-səda verdi. Bir gün sonra səhər tezdən dəmir atımız qoşa qanadlarını gərərək Xəzərin üstündən türkmən ellərinə tərəf şığımağa başlayanda qulağıma hələ də türkün döyüş atlarının qoşa kişnərtisi gəlirdi. Təyyarədə xəyala dalarkən bu kişnərti məni uzaqlara, lap uzaqlara, eradan əvvəl 7-ci əsrə qədər apardı. O zaman biz hələ türkmən, azərbaycanlı, özbək, qazax, qırğız yox, sadəcə bir adla tanınan skiflər – işquzlar – saklar idik. Herodotun tarix kitabında yazdığı kimi, eradan əvvəl 7-ci əsrdə bütün türklər Alp Ər Tunqanın rəhbərliyi altında bir arada yaşayırdılar. Alp Ər Tunqa (Firdovsinin “Şahnamə” əsərində Əfrasiyab) demişdi ki, at irigə ol dağ gibi gokkə ay, yəni göy üçün ay nədirsə, igid üçün də at odur! Elə 21-ci əsrdə də Alp Ər Tonqanın davamçıları olan iki böyük türk lideri, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov da bir-birinə məhz at bağışlayaraq ən azı 3 min illik türk adətinə sadiq qaldıqlarını nümayiş etdirmişdilər!

 Bizim ailəmiz türk dünyasıdır

Birdən mənə elə gəldi ki, biz bu səfərlə əslində miladdan öncə 7-ci əsrə qayıdırıq. Yenidən Türk Dövlətləri Təşkilatının çətiri altında düz Alp Ər Tunqa zamanında olduğu kimi birlikdə ortaq gələcəyimizi quracağıq. Ancaq müasir şərtlər içərisində. Nazim Hikmətin dediyi kimi – bir ağac kimi hürr, bir orman kimi  qardaşcasına – yəni hər birimiz ayrıca müstəqil dövlət, ancaq həm də bir ittifaq içərisində qardaşcasına! Azərbaycan Prezidenti İlham Əliyevin bütün türk dünyasına xitab edən məhtəşəm çağırışında dediyi kimi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər”. Bu tarixi fikirlərin təsiri altında biz tam da Türk ailəsinin coğrafi mərkəzinə, gözlənildiyimiz, sevildiyimiz, öz ailəmizə doğru uçurduq. Elə Mahtumqulu Fəraqi də  hələ  18-ci əsrdə Azərbaycana gəlib həqiqət və hikmət arayanda öz ailəsinə gəlmişdi. Azərbaycanın klassik ədəbi mühiti, xüsusilə də klassik şeirimiz və Füzuli məktəbi onun yaradıcılığına dərindən təsir etmişdi. Şair Azərbaycan ərazisində Bakı, Gəncə, Şamaxı və Quba kimi bölgələrimizə səfər etmiş (1750-1760-cı illər), bir müddət qalaraq yerli ədəbi mühitlə yaxından tanış olmuş, Nohur gölü və onun ərtaf kəndlərində yaşayan nohur türkmənləri ilə görüşmüş, sufi-təsəvvüf şairi olaraq bu bölgədəki müqəddəs yerləri ziyarət etmiş, müxtəlif təriqət nümayəndələri və alimlərlə elmi-fəlsəfi müzakirələr aparmışdı. Onun bu səfəri həm türkmən, həm də Azərbaycan ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdı.

 Könüllər, ürəklər bir olub başla,

Dartsa yığın ərir torpaqlar, daşlar.

Bir süfrədə təyyar qılınsa aşlar,

Qalxacaqdır ol iqbalı türkmənin.

Onun məqsədi bütün türkmən ellərinin ortaq ədəbi “süfrəsini”, söz-sənət süfrəsini birləşdirərək bir etmək idi. Biz də eyni məqsədlə yola çıxdığımız səfərdə artıq eşqin abad etdiyi Aşqabada çatmaq üzrə idik. Təyyarədə bütün söhbətimiz Türkmənistan-Azərbaycan münasibətlərinin tarixi, dünəni, bugünki səviyyəsi ilə bağlı idi. Şübhəsiz ki, hər iki dövlətin başçılarının qarşılıqlı hörməti və səyləri nəticəsində Türkmənistan-Azərbaycan münasibətləri öz tarixinin ən yüksək səviyyəsinə çatmışdır. Mədəniyyət nazirimiz, hörmətli Adil müəllim Kərimov Türkmənistanda keçiriləcək Azərbaycan Mədəniyyəti günlərindən danışarkən dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsinə xüsusi vurğu edir, mədəniyyət təmsilçilərimizi uğurlu iştirak üçün ruhlandırırdı. Hər şeydən görünürdü ki, bu səfərə xüsusi diqqət və həvəslə hazırlaşmışdı. Onun bu diqqəti və həssaslığı təyyarədə olan 160 nəfərlik mədəniyyət və incəsənət xadimlərinin hamısına sirayət etmişdi. Bu isə ümumi ovqatımıza bir az da həyacan qatır, səfəri daha da maraqlı edirdi.

Eşq ilə abad olan, ağ mərmərli Aşqabad şəhəri

Aşqabad şəhəri qızılı səhranın bəyaz incisi kimidir. Eşqin abad etdiyi bu şəhəri indi qardaş türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədov və Prezident Sərdar Berdiməhəmmədov abad edir. Böyük zövq və xüsusi layihə əsasında tamamilə yenidən qurulan şəhər özündə həm də Səlcuqlu memarlığının ən incə ornamentlərini birləşdirir. Milli simvollarımıza və ortaq əcdadımıza olan doğma münasibət hər addımda adamın qarşısına çıxır. Oğuz xanın möhüründə və müstəqil Azərbaycanın bayrağında əksini tapan, dünyaya hökmranlıq etmək (dörd cəhət və dörd yarımcəhət) rəmzi olan səkkizguşəli ulduzun şəhərin simvolu olaraq hər yerdə qarşıya çıxması insanın milli qürurunu oxşayır. Bir qədər sonra qarşınıza Dədə Qorqudun heykəli, daha sonra müqəddəs qopuzun abidəsi, daha sonra Mahmud Qaşqarinin dediyi kimi türkün qanadı olan atların heykəli çıxır. Bütün bunlar qardaş ölkənin milli liderinin tariximizə, mədəniyyətimizə, milli irsimizə olan münasibətinin göstəricisi kimi insanda dərin rəğbət hissi yaradır. Ona görə də bu qədər doğmalıq arasında istəsən də özünü qəriblikdə hiss edə bilmirsən.

Kopetdağın ətəyindəki Arxadağ

Türk millətinin mentalitetində dağ və dağ kultu olduqca əhəmiyyətli bir yer tutur. Biz dağı arxa bilir, ona güvənirik. Bəzən güvənimiz sarsılanda, “Sənə güvəndiyim dağlar, sənə də qar yağdı” deyirik. Bəzən Aşıq Ələsgər kimi dağın ədalətinə və hamıya bərabər davranmasına görə ona qibtə edib, “Yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz biri-birindən aralı dağlar” deyərək dağın bu ədaləti qarşısında baş əyirik. Bəzən dağı xəstə üçün sinəsində qar saxlayan şəfaverici kimi görürük. Bəzən də deyirik, arxanda dağ kimi dayanmışam. Bu günün dərin siyasi kataklizmləri kontekstində hər bir xalqın ağıllı və müdrik liderə ehtiyacı var. Belə liderlər sözün əsl mənasında millətinin təhlükəsizliyini, rifahını təmin etməklə ona arxa olur. Türkmən və azərbaycanlı mentaliteti eyni mənəvi kodlara malik olduğu üçün qardaş türkmən xalqı öz milli liderini həm də Arxadağ adlandırır. Aşqabaddan yarım saatlıq məsafədə, Kopetdağın düz ətəyində yeni salınan bu gözəl şəhər də elə onu böyük zəhmətlə inşa etdirən liderin adına uyğun olaraq Arxadağ adlandırılıb. Arxadağ şəhəri səhra içərisində yaşıllıqlara bürünmüş bir cənnət parçasına bənzəyir. Olduqca gözəl binalar, yamyaşıl parklar, inşa edilməkdə olan möhtəşəm bir məscidlə bərabər bu şəhərdə həm də möhtəşəm bir kitabxana inşa edilib! Yəni kitabxana məsciddən əvvəl tikilib. Doğrudan da, ibadət etmədən öncə nə üçün və necə ibadət etməyin lazım olduğunu yalnız kitab oxumaqla öyrənmək olar. Çünki elə müqəddəs kitabımız da “Oxu” nidası ilə başlayır! Qardaş ölkədə kitaba və oxumağa verilən əhəmiyyət həqiqətlən də olduqca təqdirəlayiqdir. Tədbirlərimizdən birini də bu kitabxanada keçirdik. Eyni zamanda Milli Kitabxanamızın direktoru, professor Kərim Tahirovun xüsusi olaraq bu kitabxana üçün gətirdiyi çoxsaylı kitabları Arxadağ Dövlət Kitabxanasına hədiyyə etdik.

Milli geyimləri ilə səhrada açan laləyə bənzəyir türkmən qızları

Türkmənistanda milli irsə olan münasibət sözün əsl mənasında insanda heyranlıq yaradır. Milli naxışlarla bəzədilmiş rəngarəng geyimləri ilə səhranın ortasında açan çiçək vadisini xatırladır türkmən qızları. Türkmənistanda gender problemi yoxdur. Bütün elmi konfranslarda, ictimai-mədəni tədbirlərdə, idarəetmədə kişilərlə bərabər qadınlar da çox fəal iştirak edir. Hazırladıqları ləziz mətbəx nümunələrinə isə söz ola bilməz!

Al-yaşıl bürünüb çıxar pərisi,

Kükrəyib bərq vurar ənbərin iysi.

Bəy, törə, ağsaqqal yurdun yiyəsi

Kürən tutar gözəl eli türkmənin.

Türkmənlər bizi də türkmən hesab edirlər

Türkmənistanda istənilən kitabxanada Nəsiminin, Füzulinin, Nizaminin türkmən dilində kitablarını görmək mümkündür. Məsələ ondadır ki, onlar bu ortaq klassiklərimizi elə türkmən hesab edirlər. Xüsusən Nəsimini özlərinin şairi kimi tanıyırlar. Mən onun Azərbaycanda, Şamaxıda doğulub, Suriyada, Hələbdə öldüyünü söyləyəndə buna çox təəccübləndilər. Çünki Nəsiminin türkmən olduğuna qəti əmindirlər. Əslində onların bu yanaşmalarında bir həqiqət də var. Tədbirlərin birində qardaş ölkənin təmsilçisi rusca danışdı. Sonrakı çıxışçı mən olduğum üçün bu fürsətdən ən səmərəli şəkildə faydalanmağa çalışdım. Birincisi, eyni dildə danışıb bir-birimizi təqribən 90 faiz başa düşdüyümüz halda çıxışçının rus dilində olmasına etiraz etməli, ikincisi isə Nəsiminin türkmən olması ilə bağlı onların mövqeyinə münasibət bildirməli idim. Kürsüyə çıxıb sözlərimə Nəsiminin iki misrası ilə başladım. Dedim ki, Nəsimi yazır:

Ərəbi, farsı bilmənəm

Çün türkmən oğlu türkmənəm!

Mən də deyirəm ki, rusu, ingilisi bilmənəm, çün mən də türkmən oğlu türkmənəm. Sözlərimi bitirər-bitirməz zaldan gurultulu alqışlar qopdu! Çünki mən həm rus dilində nitqə etiraz etmişdim, həm də ən əsası onların Nəsimini türkmən saymaqlarına bəraət verərək Nəsiminin öz şeiri ilə bunu təsdiq etmişdim! Məsələnin həqiqət tərəfi isə odur ki, birincisi, Səlcuqlulardan başlamış Qaraqoyunlu və Ağqoyunlu dövlətlərimizə qədər, tarix onları türkmən dövləti kimi təqdim edir. İkincisi, əgər Nəsimi, ya da orta əsr dövlətlərimiz bizi birləşdirirsə, onda bu ortaq dəyəri və ortaq mirası elə ortaq da qəbul etməliyik! Çünki belə yanaşma bizi daha da doğmalaşdırır və bu gün ehtiyac duyduğumuz müttəfiqlik üçün tarixi şüur kontekstində real zəmin yaradır.

Mərv həsrəti ulu Nizamidən üzübəri gələn Vətən həsrətidir

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində Mərv şəhəri xüsusi coğrafi və mədəni mərkəz kimi təsvir olunur. Şair məşhur poemalarında bu qədim şəhərin adını çəkərək dövrün siyasi və ictimai hadisələrini canlandırır. “Sirlər xəzinəsi” poemasında Mərv şəhəri Sultan Səncərin hökmranlıq mərkəzi kimi təqdim olunur. Şair burada məşhur ədalət və dövlət idarəçiliyi mövzusuna toxunur. Elə biz də Mərvdən gələn tədbir iştirakçıları ilə doyunca Mərvdən, Dəndənəkan savaşından, Alp Arslanla, Sultan Səncərdən, Sultan Toğruldan və nəhayət, Azərbaycanda Səlcuqluların hakimiyyəti dövründən danışdıq. Mən Səlcuqluların Azərbaycan hakimi olan Taparı xatırladım, Qızıl Arsandan söz açdım və Səlcuqluların davamı olaraq Naxçıvanı paytaxt edən Eldəgəzlər dövründə inşa edilmiş, bu gün də dimdik ayaqda olan, səlcuqlu memarlığının ən gözəl incilərindən biri olan Möminə Xatun türbəsindən bəhs etdim. Əcəmi Naxçıvanini qardaşlarımıza bir daha tanıtdım. Belə söhbətlər bizi daha da doğmalaşdırır, bəzən gözlərimiz yaşaracaq qədər kövrəldirdi. Bu zaman eyni millət olduğumuzu bir daha dərindən idrak edirdik. Məncə, elə mədəniyyət günlərinin keçirilməsində məqsədlərimizdən biri də bu idi.

Qafil qalmaz, döyüş günü xar olmaz,

Qarğışa, nəzərə giriftar olmaz,

Bülbüldən ayrılıb solub saralmaz

Daim ənbər saçar gülü türkmənin.

Qoy əbədi yaşasın, daima var olsun eli türkmənin!

Azərbaycan və Türkmənistan bir millətin iki ulu yurdudur!

Türkmənistanda dörd günlük Azərbaycan mədəniyyəti günləri elə sürətlə keçdi ki, sanki cəmisi dörd saat çəkdi. Ancaq bu qısa müddətə incəsənət xadimlərimiz, bir-birindən dəyərli müğənnilərimiz bir ömür boyu sürəcək qədər xatirələr və doğmalıq sığışdırdılar. Azərbaycan mədəniyyətini həm tarixi, həm də bugünkü reallıqlar kontekstində ən layiqli şəkildə qardaş xalqa təqdim edə bildilər. Onsuz da türkmən qardaşlarımız bizim musiqimizi, incəsənətimizi çox sevirlər. Nəticədə eyni mənəvi-estetik kodların daşıyıcısıyıq və bu belə də olmalıdır. Azərbaycanın xalq artisti və Türkmənistanın qızıl medal laureatı Gülyanaq xanım Məmmədova və Türkmənistanın xalq artistinin birgə ifa etdikləri “Mən yarıma gəldim, mən sənə gəldim” mahnısı isə sözün əsl mənasında Azərbaycan və türkmən musiqisinin ortaq ahənginin və melodiyasının mükəmməl sintezi idi. Türkmən xoreoqraflarının ifa etdiyi xalq oyunu “Quştəpdi” rəqsi isə tam bir sufi ibadəti kimi idi. Elə sufi eşqi ilə də Türkmənistandan ayrıldıq… Ayrıldıq yenidən görüşmək üçün!

Bakı-Aşqabad-Arxadağ-Bakı

Hikmət Babaoğlu

Qeyd: Şeirlər Mahtumqulu Fəraqiyə aiddir.

Paylaş: