lider

“Avroüçlüyü”nə daxil olan ölkələrin liderləri Ukraynada sülhə nail olmaq üçün şərtləri açıqlayıblar.

Globalinfo.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merzin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra qəbul etdikləri birgə bəyanat Böyük Britaniya hökumətinin saytında dərc olunub.

Sənədin ilk bəndində liderlər Rusiya Prezidenti Vladimir Putini dərhal və tam atəşkəsə razılıq verməyə çağırıblar.

Onların fikrincə, danışıqlar üçün başlanğıc nöqtə hazırkı təmas xətti ola bilər.

Bundan əlavə, Makron, Starmer və Merz Ukrayna üçün etibarlı və hüquqi cəhətdən məcburi təhlükəsizlik təminatlarının yaradılmasını tələb ediblər:

“Bu təminatların əsasında 2025-ci ilin dekabrında Berlində və 2026-cı ilin yanvarında Parisdə əldə olunmuş razılaşmalar dayanmalıdır”.

Liderlər həmçinin Avropanın Ukrayna ərazisində xarici hərbi kontingent yerləşdirmək hüququnu saxladığını bildiriblər.

Bəyanatda dondurulmuş Rusiya aktivlərinə də toxunulub.

Bildirilib ki, münaqişə başa çatana və Rusiyanın vurduğu zərərə görə kompensasiya ödəyənədək bu vəsaitlər üzərində məhdudiyyətlər qüvvədə qalmalıdır.

Sənədin digər bəndinə əsasən, mümkün sülh sazişi çərçivəsində Avropanın təhlükəsizlik maraqları da qorunmalıdır.

Qeyd olunur ki, Avropa İttifaqı (Aİ) və NATO-nun maraqlarına aid məsələlər üzrə danışıqlar həmin qurumlara üzv dövlətlərin və NATO müttəfiqlərinin razılığı ilə aparılmalıdır.

Xatırladaq ki, Böyük Britaniya, Fransa və Almaniya liderlərinin Zelenski ilə görüşü iyunun 7-də axşam saatlarında Londonda, Baş nazirin Dauninq-Stritdəki iqamətgahında keçirilib və bir saatdan çox davam edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: