“Azərsun Holdinq” jurnalistlər üçün Biləsuvara mediatur təşkil edib.
Səfərin əsas məqsədi Biləsuvar Konserv Zavodunun fəaliyyəti, məhsul istehsalı və xammal bazası ilə yaxından tanış olmaq olub.
Mediatur çərçivəsində jurnalistlərə məlumat verilib ki, zavodda istifadə olunan meyvə və tərəvəzin böyük hissəsi müəssisənin yaxınlığındakı əkin sahələrində yetişdirilir. Ümumi sahəsi 6 minə yaxın hektar olan ərazidə müxtəlif növ kənd təsərrüfatı məhsulları becərilir.
Bildirilib ki, uzun illər ərzində yararsız vəziyyətdə olan torpaqlar bərpa edilərək əkin üçün yararlı hala gətirilib və hazırda burada müasir aqrar texnologiyalar tətbiq olunur.
Qeyd edilib ki, müəssisənin illik istehsal gücü 50 min ton təşkil edir.
Azərbaycanda istehsal olunan yaşıl noxudun demək olar ki, hamısı məhz bu zavodda qablaşdırılır. Məhsulların böyük hissəsi şüşə qablarda istehlakçılara təqdim edilir. Burada yaşıl noxudla yanaşı, müxtəlif tərəvəz konservləri, tomat məhsulları, turşular, narşərab, nar şirələri, soyulmuş pomidor və digər məhsullar istehsal olunur.
“Bostan” və “Bizim Tarla” markalarının məhsulları da Biləsuvar Konserv Zavodunda hazırlanır.
Müəssisə nümayəndələrinin sözlərinə görə, əkin sahələrində damcı və pivot suvarma sistemlərindən istifadə olunur, məhsuldarlığın artırılması üçün dünya təcrübəsinə əsaslanan texnologiyalar tətbiq edilir. Burada tərəvəzlərlə yanaşı şəkər çuğunduru da yetişdirilir.
Zavodda mövsümdən asılı olaraq 800-850 nəfər çalışır. İşçilərin əksəriyyəti Biləsuvar və ətraf rayonların sakinləridir. O da bildirilib ki, yığılan məhsullar vaxt itirilmədən emal müəssisəsinə çatdırılır və istehsal prosesinə cəlb olunur. Məhsulun keyfiyyətinə xüsusi nəzarət edilir, istehsal və qablaşdırma mərhələlərində yerli qida mühəndisləri fəaliyyət göstərirlər.
Məlumata görə, istehsalda istifadə olunan xammalın hamısı yerli mənşəlidir. Toxumların bir hissəsi xaricdən gətirilsə də, böyük hissəsi yerli şəraitdə yetişdirilir və istehsal olunur.
Zavod xam məhsul satışı ilə məşğul olmur, bütün məhsullar emal olunaraq bazara çıxarılır.
Bildirilib ki, müəssisənin istehsal etdiyi məhsullar təkcə daxili bazarda deyil, xarici ölkələrdə də alıcı tapır. Məhsulların ixrac olunduğu ölkələr arasında Qazaxıstan, Gürcüstan, Rusiya və İsrail də var. Eyni zamanda, bəzi məhsulların hərbi hissələr üçün də istehsal edildiyi qeyd olunub.
Mediatur iştirakçıları daha sonra zavodun istehsal sahələrinə baş çəkərək konservləşdirmə və qablaşdırma prosesini izləyiblər. Səfər zamanı mövsümə uyğun olaraq yaşıl noxudun emalı və qablaşdırılması prosesi diqqət mərkəzində olub.
Jurnalistlər həmçinin əkin sahələrində, meyvə bağlarında və bostanlarda olub, məhsulların yetişdirilməsi, becərilməsi və yığım prosesi ilə yaxından tanış olublar.
Beləliklə, mediatur iştirakçıları məhsulun tarladan başlayaraq istehlakçının süfrəsinə qədər keçdiyi bütün mərhələləri yerində müşahidə etmək imkanı əldə ediblər.
Müəssisə rəhbərliyi tərəfindən bildirilib ki, zavodda çalışan işçilərin sosial təminatına da xüsusi diqqət yetirilir. Bekə ki, mövsümdən asılı olaraq sayı 800-850 nəfərə çatan əməkdaşların gündəlik yemək təminatı müəssisə tərəfindən təşkil olunur.
Qeyd edilib ki, işçilər üçün hazırlanan yeməklərdə istifadə olunan ət məhsulları da yerində təmin edilir və bunun üçün mütəmadi olaraq dana kəsilir. Bu yanaşmanın işçilərin sosial rifahının yüksəldilməsinə və onların daha rahat əmək fəaliyyəti göstərməsinə xidmət etdiyi vurğulanıb.
Zaira Akifqızı
Globalinfo.az