kredit 900x600 1

Son illər Azərbaycanda istehlak kreditləri üzrə faiz dərəcələrinin yüksək qalması və əlavə komissiyaların tətbiqi cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Vətəndaşlar bildirirlər ki, bəzi hallarda kreditlərin illik faiz yükü 30-40 faizi ötür, müxtəlif xidmət haqları və komissiyalar isə borclanmanın real dəyərini daha da artırır. Maraqlıdır ki, bu proses Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini mərhələli şəkildə azaltması fonunda baş verir. Belə ki, AMB 2025-ci ildən etibarən uçot dərəcəsini bir neçə dəfə aşağı salaraq 2026-cı ilin fevralında 6,5 faizə endirib.

Kredit yükünün azaldılması üçün hansısa addımlar atıla bilərmi?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, ölkədə istehlak kreditlərinin həcmi artır:

“Problemli kreditlərin məbləğində də ilin əvvəli və ötən ilin eyni dövrü ilə müqayisədə müəyyən artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri insanların istehlak kreditlərinə daha çox üstünlük verməsi və nəticədə büdcələrinin əlavə öhdəliklərlə yüklənməsidir. Yəni bəzi hallarda vətəndaşlar gəlirlərinə uyğun olmayan kredit öhdəlikləri götürürlər ki, bu da maliyyə yükünün artmasına səbəb olur. Buna görə də hər kəs kredit götürməzdən əvvəl şəxsi büdcəsini diqqətlə analiz etməli, gəlir və xərclərini düzgün hesablamalıdır”.

eyyub kerimli 900x614 1

Eyyub Kərimli

İqtisadçı bildirib ki, tez-tez rast gəlinən hallardan biri də əlçatmaz görünən istehlak mallarının kreditlə alınmasıdır:

“Nəticədə həmin məhsula görə nağd alışla müqayisədə daha çox vəsait ödənilir. Bəzən insanlar məhsulu dərhal əldə etmək üçün əlavə faiz xərclərinə razı olur və bu da əsassız maliyyə yükü yaradır. Bu baxımdan istehlak kreditlərindən yalnız zəruri hallarda istifadə olunması daha məqsədəuyğundur. Bir çox məhsulları müəyyən müddət gözləyərək vəsait toplamaqla daha sərfəli qiymətə almaq mümkündür. Bu, həm əlavə faiz xərclərinin, həm də borclanmanın qarşısını alır. Digər tərəfdən, bəzi insanlar daha bahalı və lüks məhsullara üstünlük verərək ehtiyaclarından artıq xərc çəkirlər. Halbuki daha münasib alternativlərdən istifadə etmək mümkündür. Bu cür qərarlar da əsassız borclanmaya səbəb olur”.

Onun sözlərinə görə, istehlak kreditləri arasında ipoteka kreditləri xüsusi yer tutur:

“Çünki bir çox vətəndaş mənzil problemini həll etmək üçün bu alətdən istifadə edir. Lakin digər istehlak kreditləri üzrə qərar verərkən daha ehtiyatlı olmaq lazımdır. Bir sıra məhsulları daha gec, lakin daha ucuz qiymətə almaq, onları tələsik şəkildə kreditlə əldə etməkdən daha səmərəli seçim ola bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: