Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Zirvə görüşü “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub.
Globalinfo.az-a danışan UNESCO Mədəni Diplomatiya Kafedrasının rəhbəri və Anatolia Tech-in təsisçi rəhbəri Prof. Dr. Naciye Selin Şenocak bildirib ki, zirvə görüşünə ev sahibliyi etmək üçün Türküstanın seçilməsi özü-özlüyündə simvolik məna kəsb edir.
Ekspert qeyd edib ki, Hoca Əhməd Yəsəvinin mənəvi irsini daşıyan bu qədim şəhərdə türk dünyasının süni intellekt və rəqəmsal inkişaf mövzularını müzakirə etməsi keçmişi və gələcəyi özündə birləşdirən nadir məqamlardan biridir:
“Bu, sadəcə texnoloji gündəm deyil; bu, türk dünyasının öz sivilizasiya kodları ilə rəqəmsal dövrə necə qədəm qoyacağı məsələsidir. Bu gün dünyada süni intellektin formalaşdırdığı qüvvələr balansı müəyyən mənada suverenliyin yeni tərifinə səbəb olur. Məlumatlara, alqoritmlərə və rəqəmsal infrastruktura sahib olanlar sabahın geosiyasi xəritəsini çəkir. Türk dövlətlərinin bu sahədə ortaq vizyon inkişaf etdirməsi təkcə iqtisadi bir addım deyil, həm də mədəni və strateji özünümüdafiə refleksidir. Öz tarixi yaddaşımızdan bəhrələnən və öz dəyərlərimizi daşıyan, öz dilimizdə rəqəmsal ekosistemlər qura bilməsək, başqaları tərəfindən qurulmuş mental çərçivələr daxilində yaşamağa məcbur olacağıq. Türküstan Zirvəsi bu qavrayışın institusional ifadəsidir. Süni intellektin türk dünyası üçün ortaq məsələ kimi qəbul edilməsi göstərir ki, “suveren rəqəmsal məkan” anlayışı türk coğrafiyasında konkret nəticələr verməyə başlayır”.
Selin Şenocak bildirib ki, Azərbaycanın bu prosesdəki rolu sadəcə ev sahibliyi etməkdən daha çox olub tarixi missiyanın müasir formada davamıdır:
“1926-cı il Bakı Türkologiya Konqresi türk dünyasının özünü əks etdirdiyi ilk böyük elmi platforma idi. Həmin konqresdə müzakirə olunan sadəcə dil və əlifba məsələsi deyildi; bu, türk xalqlarının ortaq yaddaşının, ortaq mədəni irsin və ortaq intellektual dünyagörüşünün ilk dəfə elmi dildə ifadə edilməsi idi. Həmin gün Bakı müasir türk düşüncəsinin doğulduğu yerlərdən birinə çevrildi. Bu, Azərbaycanın türk dünyasının institusional yaddaşını daşıyan bir mərkəz olduğunun ilk əsas göstəricisi idi.
Bir əsr sonra Azərbaycan eyni tarixi vəzifəni daha geniş vizyonla öz üzərinə götürür. Qarabağın azad edilməsi sadəcə hərbi uğur deyil, həm də Cənubi Qafqazın strateji arxitekturasının yenidən qurulmasıdır. Otuz illik ədalətsizliyə son qoyulması bölgənin bütün geosiyasi tarazlıqlarını yenidən müəyyənləşdirdi və türk dünyasının coğrafi davamlılığına ən böyük maneələrdən birini aradan qaldırdı. Prezident İlham Əliyevin rəhbərliyi altında baş verən bu transformasiya, türk dövlətlərinin quru yolu ilə bir-biri ilə problemsiz şəkildə əlaqə qura biləcəyi yeni bir reallığı mümkün etdi”.
Politoloq bildirib ki, 2024-cü ilin iyul ayında Şuşada keçirilən ilk qeyri-rəsmi zirvə görüşü bu yeni arxitekturaya verilən ad idi:
“Şuşa sadəcə bir şəhər deyil, həm də türk dünyasının ortaq gələcəyinin simvolik paytaxtına çevrildi. Qarabağın mədəniyyət paytaxtının öz külündən doğularaq türk dövlətlərinə ev sahibliyi etməsi tarixdə nadir hallarda rast gəlinən bir dirçəliş hekayəsidir.
Bakının 2025-ci ilin oktyabr ayında liderlər sammitinə və bu ilin iyun ayında Birinci Türkologiya Konqresinin yüz illiyini qeyd etmək üçün keçiriləcək Türk dünyası həftəsinə ev sahibliyi etməsi ilə bir əsrlik dövrün başa çatması qeyd olunur. Bir əsr əvvəl Bakı əlifba haqqında müzakirə aparırdı; bu gün süni intellektin etik və suveren aspektlərini müzakirə etmək üçün intellektual yetkinliyə çatıb. Yüz illiyində Bakının yenidən türk dünyasının intellektual mərkəzinə çevrilməsi Azərbaycanın bu bölgədəki institusional liderlik mövqeyinin ən aydın təsdiqidir”.
Prof. Dr. Naciye Selin Şenocak
Şenocak qeyd edib ki, Orta Dəhliz, bəlkə də, iyirmi birinci əsrin ən strateji tranzit yoludur:
“Avropa ilə Asiya arasındakı şimal və cənub marşrutlarının geosiyasi qeyri-sabitlik yaşadığı bir dövrdə Xəzər dənizindən keçən bu marşrut təkcə nəqliyyat yolu deyil, həm də suverenlik dəhlizidir. Süni intellektlə işləyən logistika həllərinin tətbiqi, gömrük proseslərinin rəqəmsallaşdırılması və “e-Permit” kimi sistemlər bu dəhlizin fiziki prosesdən ağıllı iqtisadi orqanizmə çevrilməsi deməkdir.
Bu məqamda Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur Orta Dəhlizin əsas komponentlərindən biri olacaq. Bu, təkcə Azərbaycan ilə Naxçıvan arasında coğrafi əlaqənin yaradılması demək deyil; bu, türk dünyasının şərq-qərb oxu boyunca fiziki birləşməsi, bir əsrdən çoxdur bölünmüş türk coğrafiyasının vahid logistika və iqtisadi baxımdan bütöv halında yenidən birləşməsi deməkdir. Zəngəzur sadəcə bir yol deyil, tarixi bir bərpadır”.
Ekspert, həmçinin, vurğulayıb ki, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər Fiber Optik Kabel xəttinin istifadəyə verilməsi, bəlkə də, bu transformasiyada ən simvolik addımdır:
“Tarixi İpək Yolunun üzərində ucalan yeni bir məlumat marşrutunun yaradılması türk dünyasının rəqəmsal coğrafiyasını yenidən müəyyənləşdirir. Məlumat bu günün ipəyidir və bu ipəyi daşıyan yol onu quranların əlindədir. Azərbaycan və Qazaxıstanın bu xəttin hər iki ucunda yerləşməsi türk dövlətlərinin təkcə fiziki deyil, həm də rəqəmsal olaraq inteqrasiya olunduğu yeni bir dövrün başladığını göstərir.
Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin sammitdə iştirakı bu vizyonun ən yüksək səviyyədə qəbul edildiyinin təzahürüdür. Azərbaycanda Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması və Süni İntellekt Strategiyasının qəbul edilməsi türk dünyasında rəqəmsal suverenliyin nəzəri konsepsiyadan institusional reallığa keçdiyini göstərir.
Azərbaycan təkcə öz rəqəmsal gələcəyini deyil, həm də türk dünyası üçün rəqəmsal gələcək modelini dizayn edən öncül mövqedədir.
Prezident İlham Əliyevin “Türk dünyası iyirmi birinci əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” ifadəsi, mahiyyət etibarilə, bu sammitin fəlsəfi xülasəsidir. Türk dövlətləri artıq qlobal nizamda passiv aktorlar deyil, öz nizamını quran, öz dəhlizlərini inşa edən və öz süni intellekt arxitekturasını dizayn edən bir sivilizasiyadır. Türküstan Zirvəsi bu baxımdan yeni bir mərhələni təmsil edir və Azərbaycanın bu prosesdə aparıcı rolu həm tarixi, həm də strateji zərurətdir”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul