Moskva Baki 111121

“Moskvada Azərbaycanın diplomatik nümayəndəliyinin qonaq evinin qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli plakatların yerləşdirilməsi heç bir halda sadə küçə aksiyası kimi qiymətləndirilə bilməz. Bu aksiya birbaşa təxribatdır və artıq uzun müddətdir ki, Rusiyanın media resurslarında Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə deyib.

Politoloq bildirib ki, belə aksiyanın real fiziki nəticəsi olmasa da, informasiya və psixoloji təsirinin olduğunu hər kəs anlayır:

Azərbaycan səfirliyinin qarşısında “Rus vətəndaşlarından əl çəkin!”, “Rus qanı sizin əllərinizdədir!” kimi şüarların yerləşdirilməsi təsadüfi seçilmiş ifadələr deyil. Azərbaycan dövlətinin və eləcə də ictimaiyyətin sərt reaksiyasından sonra rəsmi Moskvanın baş verənlərlə guya əlaqəsinin olmadığını göstərmək üçün aksiyaya görə məsuliyyəti Milli Bolşevik Partiyasının tərəfdarları öz üzərlərinə götürüblər.

Lakin hər kəsə bəllidir ki, məsələni yalnız həmin qrupla məhdudlaşdırmaq mümkün deyil. Çünki bu kimi radikal qrupların aksiyası belə Rusiya ərazisində, Azərbaycan diplomatik obyektinə qarşı və kifayət qədər həssas siyasi fonda baş verir. Bu isə Moskvanın məsuliyyətini ən azı təhlükəsizliyin təmin olunması baxımından gündəmə gətirir. Diplomatik nümayəndəliyin qorunması Rusiya üçün hüquqi öhdəlikdir və rəsmi Bakı da məhz bunu xatırladır”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə

Politoloq qeyd edib ki, daha geniş mənzərədə isə problem Azərbaycan-Rusiya münasibətlərində yaranmış köhnə təsir mexanizmlərinin işləməməsidir:

Azərbaycan artıq regional siyasətdə Moskvanın diktə etdiyi çərçivə daxilində hərəkət edən tərəf deyil. Azərbaycan öz maraqlarını daha sərt müdafiə edir, xarici siyasətdə manevr imkanlarını genişləndirir və müxtəlif güc mərkəzləri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirir. Məhz bu reallıq Rusiyanın siyasi dairələrində narahatlıq yaradır və başqa təsir rıçaqları olmadığı üçün bu cür cılız metodlara əl atırlar.

Bu baxımdan ardıcıl informasiya hücumları, anti-Azərbaycan ritorikası, diaspor təşkilatlarımın rəhbərlərinə qarşı atılan addımlar və küçə aksiyaları təzyiq alətlərinin müxtəlif formalarıdır. Məqsəd bizə mesaj verməyə hesablanıb və Rusiya yalnış olaraq düşünür ki, bununla Azərbaycanda hansısa narahatlıq yaratmaq və siyasi iradəyə təsir göstərmək olar.

Rusiya başa düşməlidir ki, bu cür addımlar bizi öz maraqlarımızdan geri çəkilməyə məcbur etməyəcək. Azərbaycan artıq belə mesajları əvvəlki dövrlərdəki kimi sakit qarşılayan tərəf deyil. Əgər Kreml Rusiya-Azərbaycan münasibətlərində sistemli siyasi problem axtarırsa, bundan uduzan da məhz elə özü olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: