image 750x 669a4beca1db7 750 1080 resize

Azərbaycan–Ermənistan sülh prosesinin əsas təşəbbüskarı və real təminatçısı məhz Azərbaycandır. Rəsmi Bakı postmünaqişə dövründə regionda davamlı sülhün bərqərar olunması üçün ardıcıl təşəbbüslərlə çıxış etdiyi halda, Ermənistan müxtəlif konfrans və seminarlar vasitəsilə beynəlxalq ictimaiyyətdə süni sülh görüntüsü yaratmağa çalışır. Bu fonda Ermənistanda Avropa İttifaqı missiyasının fəaliyyətinin davam etdirilməsi ciddi suallar doğurur.

Fransanın da tutumu indiki məqamda  ciddi şəkildə suallar yaradır. Xüsusi ilə Parisin dəstəklədiyi bu siyasət bir neçə il əvvəl başlanan “binokl diplomatiyası”nın davamı kimi qiymətləndirilir. Rəsmi Bakı eyni zamanda açıq şəkildə bildirir ki, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə qayıtması və Azərbaycana qarşı yeni iddiaların irəli sürülməsi halında ölkəmiz bütün zəruri və önləyici tədbirləri görəcək.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni siyasi və hüquqi reallıq formalaşdıran tərəf Bakı olub:

Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənməyərək, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və qarşılıqlı ərazi bütövlüyünün tanınması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edib. Eyni şeyi Ermənistan üçün demək mümkün deyil. Rəsmi İrəvan bir tərəfdən sülhə hazır olduğunu bəyan etsə də, digər tərəfdən müxtəlif beynəlxalq konfranslar, seminarlar və siyasi bəyanatlar vasitəsilə imitasiya siyasəti yürüdərək beynəlxalq ictimai rəydə fərqli görüntü yaratmağa çalışır.

Bu gün sülhə çox yaxınıq, amma digər tərəfdən Ermənistan ərazisində yerləşdirilmiş Avropa İttifaqı missiyasının mövcudluğu ciddi suallar doğurur. Formal olaraq müşahidə missiyası kimi təqdim edilən bu struktur faktiki olaraq regiona kənar geosiyasi müdaxilə vasitəsinə çevrilib. Missiyanın fəaliyyəti etimadın möhkəmlənməsinə deyil, əksinə, Ermənistan daxilində bəzi dairələrdə təhlükəli arxayınlıq yaratmağa və revanşist meylləri stimullaşdırmağa xidmət edir”.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Politoloq bildirib ki, bu missiyanın əsas siyasi dəstəkçisi Parisdir:

“Fransanın son illərdə Cənubi Qafqaz siyasətində nümayiş etdirdiyi birtərəfli mövqe artıq yeni mərhələyə qədəm qoyub. Vaxtilə “binokl diplomatiyası” kimi xarakterizə olunan yanaşma bu gün institusional müstəviyə daşınıb. Paris regionda vasitəçi deyil, açıq şəkildə Ermənistanın siyasi himayədarı kimi çıxış edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün alternativi yoxdur. Lakin eyni zamanda rəsmi Bakı açıq şəkildə xəbərdarlıq edir ki, Ermənistanda revanşist qüvvələr yenidən hakimiyyətə gələr, ölkəmizə qarşı ərazi iddiaları irəli sürər və ya yeni hərbi-siyasi təxribatlara əl atarlarsa, Azərbaycan bütün zəruri tədbirləri görəcək. 2020-ci ildə olduğu kimi, gələcəkdə də milli təhlükəsizliyə yönələn istənilən risk qətiyyətlə neytrallaşdırılacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: