mak

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı İrəvanda keçirilən dövlət şam yeməyində maraqlı an yaşanıb. Belə ki, Fransa lideri gözlənilmədən mahnı oxuyub, Ermənistanın Baş naziri Nikol Paşinyan barabanla, Prezident Vaaqn Xaçaturyan isə fortepianoda onu müşayiət edib. Onlar məşhur fransız şanson ifaçısı Şarl Aznavurun əsərini səsləndirib.

Makronun Paşinyanla birlikdə mahnı ifa etməsi səmimi bir jest idi, yoxsa siyasi mesaj? Avropa liderlərinin bu cür simvolik addımları Ermənistanın daxili siyasətinə təsir göstərə bilərmi? Qərbin musiqi diplomatiyası Paşinyana nə vəd edir?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Makron və Paşinyan Şarl Aznavurun irsi üzərindən Fransa-Ermənistan mədəni əlaqələrini gücləndirməyə, ortaq məqamları önə çıxarmağa çalışırlar:

“Musiqinin dili ilə Ermənistanın frankofon, yəni fransız dilli ailənin bir üzvü olduğu mesajı verilir. Bu yanaşma, eyni zamanda, seçki ərəfəsində Avropaya yönəlik siyasi dəstəyin nümayişi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Paşinyana iqtisadi, siyasi, mədəni və strateji dəstəyin Aznavurun simvolik dili ilə çatdırılması cəhdi də müşahidə olunur. Bu addımın, xüsusilə seçki ərəfəsində tərəddüd edən elektoratın, təxminən 30-35 faizlik hissənin dəstəyini qazanmağa hesablanan yanaşmadır”.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Ekspert bildirib ki, bu proses böyük risklər də yaradır:

“Belə ki, erməni və fransız xalqları arasında vurğulanan tarixi-mədəni yaxınlıq, Ermənistanın Rusiya ilə formalaşmış ənənəvi əlaqələrinə qarşı alternativ xətt kimi çıxış edir. Bunun hətta “ölüm marşı”na çevrilməsi mümkündür”.

Qeyd edək ki, Paşinyan daha əvvəl baraban çalmağı yeni öyrəndiyini və bu istiqamətdə onlayn dərslər aldığını açıqlamışdı.

Ləman İmran
Globalinfo.az

Paylaş: