baki azerbaycan bayraq 1

Bakıda iki azyaşlı uşağı olan ailənin kirayə haqqını ödəmədikləri üçün evdən çıxarılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şərhlərdə bəziləri ailə başçısını tənqid edərək, niyə kənddən şəhərə gəldiyini sual edir. Digərləri isə kənd yerlərində dolanışığın çətin olduğunu bildirərək, insanların məcburən paytaxta üz tutduğunu vurğulayırlar. Bu isə regionlardan paytaxta axın məsələsini yenidən gündəmə gətirir.

Bu axının qarşısını necə almaq olar? Kənd və şəhərlərdə zavod və fabriklərin sayını artırmaq, uşaqpulu vermək, kirayə haqqı ilə bağlı güzəştlər tətbiq etmək və s. kimi məsələlərlə bağlı dövlətin hansı planları var?

Globalinfo.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elşad Musayev deyib ki, Bakının müxtəlif rayonlarında bu kimi hallara rast gəlinir və hazırda sadəcə bir hadisə ictimailəşdirilib:

“Bu, əlbəttə, arzuolunan hal deyil. Heç birimiz istəmərik ki, hər hansı azərbaycanlı ailə kirayə haqqını ödəyə bilmədiyi üçün evsiz qalsın. Bu, məsələnin bir tərəfidir və cəmiyyətin narahatlığı başadüşüləndir. Digər tərəfdən isə kənddən şəhərə axın məsələsi var. Konkret bu ailənin haradan gəldiyi dəqiq bilinmir. Amma ümumilikdə bu proses dünyanın bir çox ölkələrində mövcuddur. Azərbaycanda da belədir. Əgər istəyiriksə ki, insanlar bölgələrdə qalsın, orada şərait yaradılmalıdır. Müasir dövrdə təkcə yaşayış şəraiti kifayət etmir, internet, iş imkanları və digər amillər də vacibdir. Əks halda, xüsusilə gənc nəsil yenə də şəhərlərə üz tutacaq. Bu istiqamətdə dövlətin müəyyən proqramları mövcuddur”.

Deputat bildirib ki, məsələ ilə bağlı müxtəlif proqramlar irəli sürülsə də, problem hələ də aktuallığını qoruyur:

“Biz dövlət və ya hökumət adından danışa bilmərik, amma millət vəkili kimi mövqeyimizi ifadə edə bilərik. Biz istəyirik ki, bölgələrdə məskunlaşma artsın, şəhərə axın azalsın. Bunun üçün kompleks tədbirlər görülməlidir. İlk növbədə rayonların iqtisadi imkanları genişləndirilməlidir. Rayonların öz büdcəsi olmalı, yerli resurslar daha səmərəli idarə edilməlidir. Yeni iş yerləri yaradılmalı, iri şirkətlər və banklar regionlara cəlb olunmalıdır”.

elsad musayev

Elşad Musayev əlavə edib ki, təhsil infrastrukturu da bu məsələdə mühüm rol oynayır:

“Biz hesab edirik ki, ali və orta ixtisas təhsil müəssisələrinin bir hissəsi regionlarda yerləşdirilməlidir. Əgər internet və müasir imkanlar yoxdursa, gəncləri bölgələrdə saxlamaq mümkün deyil. Ona görə də yeni dövrün tələblərinə uyğun addımlar atılmalıdır.

Uşaqlarla bağlı hazırda müxtəlif müavinət mövcuddur. Kirayə ilə bağlı isə ümumi güzəşt mexanizmi yoxdur. Yalnız bəzi kateqoriyalı şəxslər, məsələn hərbçilər üçün kirayə xərcləri dövlət tərəfindən qarşılanır. Bütövlükdə isə kirayədə yaşayan bütün vətəndaşlara şamil olunan dəstək mexanizmi mövcud deyil. Gələcəkdə gənc ailələr üçün güzəştli kredit imkanlarının yaradılması bu sahədə müəyyən həll yolu ola bilər”.

Deputat vurğulayıb ki, əsas məsələ insanların məşğulluğunun təmin edilməsidir:

“Ən vacib məsələ iş yerlərinin yaradılmasıdır. Əgər ailədə ən azı bir nəfərin sabit gəliri varsa, bu, bir çox sosial problemlərin qarşısını ala bilər. İnsanlar işləməli və öz ailələrini normal şəkildə dolandıra bilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: