Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni İbrahim Tatlıses mirasını dövlətə vəsiyyət etdiyini açıqlayıb.
Sitat: “Uşaqlarıma veriləcək bir qəpik də yoxdur. Pulu özüm qazanmışam. Mənə atam miras qoymayıb. Hər şeyi dövlətə bağışlayıram”.
Bu məsələ sosial medianın Azərbaycan seqmentində də müzakirə yaradıb. Kimisi onun atalığını sorğulayır, kimisi qanunda belə bir ehtimalı istisna edib, kimisi də mirasın dövlətə bağışlanma prosesi ilə maraqlanır.
Azərbaycanda da belə qanun varmı? İstənilən insan mal-mülkünü dövlətə bağışlaya bilər?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, mülkiyyət hüququ müasir hüquq sistemlərinin əsas prinsiplərindən biridir:
“Azərbaycan Konstitusiyası və Mülki Məcəlləsi hər bir şəxsin əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu tanıyır. Bu hüquqa əmlakın satılması, bağışlanması, vəsiyyət edilməsi və digər formalarda özgəninkiləşdirilməsi daxildir. Bu baxımdan hər bir şəxs öz əmlakını dövlətə könüllü şəkildə bağışlaya bilər. Dövlət bu halda hüquqi şəxs kimi çıxış edir və bağışlama müqaviləsinin tərəfi olur. Belə qərar hüquqi prizmadan legitimdir və şəxsin iradə azadlığının ifadəsidir. Lakin qanunvericilik müəyyən məhdudiyyətlər də nəzərdə tutur. “Məcburi pay” prinsipinə əsasən, yetkinlik yaşına çatmamış uşaqlar, əmək qabiliyyətsiz valideynlər və digər asılı şəxslər mirasdan məhrum edilə bilməz. Bu norma sosial ədalətin və ailə üzvlərinin minimum təminat hüququnun qorunmasına xidmət edir”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, bu məsələ etik baxımdan fərdi dəyərlər və həyat fəlsəfəsi ilə bağlıdır:
“Valideynin övladına mütləq maddi sərvət ötürməsi birmənalı norma sayılmır. Müasir yanaşmada fərdin öz həyatını müstəqil qurması və şəxsi məsuliyyət daşıması ön plana çıxır. Bu səbəbdən belə qərarlar yalnız maddi deyil, həm də ideoloji seçimdir. Hüquqi baxımdan əsas prinsip insanın öz mülkiyyəti üzərində sərbəst qərar verməsidir və bu qərarın motivləri onun şəxsi seçimidir. Seçim isə nə mütləq tənqid, nə də idealizə olunmalıdır.
Çünki hər bir insanın əmlakı ilə bağlı qərar vermək azadlığı var və bu, dövlətə bağışlama qərarını da əhatə edir. Qanunvericilik isə sosial həssas qrupların hüquqlarını qorumaq üçün müəyyən mexanizmlər müəyyən edir. Qalan hissə fərdin şəxsi seçimidir və buna hörmət hüquqi mədəniyyətin tərkib hissəsidir”.
Ləman İmran
Globalinfo.az