Nazirlər Kabineti büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi ilə bağlı dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, büdcədən maliyyələşdirilən səhiyyə müəssisələrinin əməkhaqqı sisteminə yeni yarımbənd əlavə olunub.
Yeni qaydaya görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli (VTC) ilə müəyyən edilmiş tarif (vəzifə) maaşlarına artım əmsalları tətbiq ediləcək.
İşçilərin vəzifə maaşlarına Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada 1,5-dən 3 dəfəyədək artım əmsalları əlavə olunacaq.
X X X
Nazirlər Kabineti “Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
X X X
Nazirlər Kabineti “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında” qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9,08 hektar və su akvatoriyasında 46,0 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı və digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb.
X X X
Nazirlər Kabineti “Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Şuraya sədrlik edən Komitənin keçmiş sədri Tahir Budaqov yeni sədr Azər Mursaqulovla əvəzlənib.