Daşkəsəndə 65 yaşlı qadının zorakılığa məruz qalması ətrafında müzakirələr davam edir. İddialara görə, hadisəni 26 yaşlı Elgün Əliyev törədib. O artıq saxlanılıb, müvafiq cinayət işi açılıb.
Zərərçəkmişin bacısının sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs guya psixoloji xəstəliyi olduğu əsas gətirilərək ruhi dispanserə yerləşdirilib.
Şəxsin psixi vəziyyəti onu cinayət məsuliyyətindən azad edə bilərmi? Ümumiyyətlə, fakt sübuta yetirilərsə, onu hansı cəza gözləyir?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, zor tətbiqi ilə törədilən cinsi xarakterli cinayətlər Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə tənzimlənir:
“Bu cür hallarla bağlı Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə cinayət işi başlanılır. Həmin maddəyə əsasən, təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Eyni zamanda, Cinayət Məcəlləsinin 21-ci maddəsində anlaqsızlıq anlayışı təsbit olunub. Həmin maddəyə görə, ictimai təhlükəli əməli törədərkən xroniki psixi xəstəlikdən əziyyət çəkən, öz hərəkətlərinin mahiyyətini və ictimai təhlükəliliyini dərk etməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Lakin bu, o demək deyil ki, hər kəs özünü ruhi xəstə kimi təqdim etməklə məsuliyyətdən yayına bilər. Şəxsin anlaqlı olub-olmaması müvafiq ekspertizalar əsasında müəyyən edilir”.
Vəkilin sözlərinə görə, anlaqsız hesab edilən şəxslərlə bağlı məcburi tibbi xarakterli tədbirlər tətbiq oluna bilər:
“Belə hallarda şəxs cinayət məsuliyyətinə cəlb olunmasa da, onun barəsində məhkəmə qərarı ilə məcburi müalicə tədbirləri tətbiq edilir. Əgər sonradan onun psixi vəziyyəti stabilləşərsə, müalicə müəssisəsinin təqdimatı əsasında məsələ yenidən məhkəmədə qiymətləndirilə bilər. Məhkəmə həmin şəxsin azadlığa buraxılması və ya müalicənin davam etdirilməsi barədə qərar qəbul edir”.
Zaira Akifqızı
Globalinfo.az