“Millətimizin həssas nöqtələri ilə oynayanlara qarşı tədbirlər görülür”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Son illərdə xüsusilə “terrordan azad Türkiyə” fonunda Novruz zamanı baş verən xoşagəlməz hadisələr əhəmiyyətli dərəcədə azalıb. İstanbul və Diyarbəkir başda olmaqla, digər şəhərlərdə bayramdan sui-istifadə edib cəmiyyətdə gərginlik yaratmağa çalışanlara qarşı tədbir görülüb. Novruzun dəyərlərinə zidd heç bir təxribat qəbul edilməyəcək. Ölkənin bu istiqamətdəki kursundan dönməyəcəyik”.
Ərdoğan bu siyasətin yalnız ölkə daxilində deyil, regionda da sabitliyə xidmət etdiyini, türklər, kürdlər, ərəblər və farslar arasında qarşıdurma yaratmaq istəyənlərin planlarının qarşısının alındığını vurğulayıb:
“Suriyanın şimalında baş verənlər və İrana yönəlik proseslər bunun bariz nümunəsidir. Ancaq birlik və həmrəyliyin güclənməsi ilə bölgədə sülh və əməkdaşlıq möhkəmlənəcək. Qlobal sistemin dəyişdiyi və yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə region yenidən ön plana çıxıb. Türkiyə bu dəyişikliklərə hazırdır, enerji təhlükəsizliyi, nəqliyyat, maliyyə sistemi və sənaye sahələrində mühüm addımlar atılıb. Yeni sənaye zonaları, texnoparklar və müdafiə sənayesində əldə olunan nailiyyətlər ölkənin gücünü artıran əsas amillərdir”, – Ərdoğan bildirib.
Əliyar Xəlil