1772434158 1

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin Livanda hədəflənmiş quru əməliyyatları planını təsdiqləməsi regionda gərginliyin daha da artacağını göstərir. İsrail ordusunun yaydığı məlumata görə, “Hizbullah”a qarşı əməliyyat yeni mərhələyə qədəm qoyur və İran istiqamətindəki proseslər başa çatdıqdan sonra təşkilatın daha da təcrid olunacağı gözlənilir.

Zamir bildirib ki, əməliyyat uzunmüddətli xarakter daşıyacaq və İsrail ordusu planlaşdırılmış şəkildə yerüstü hücumları genişləndirməyə hazırlaşır. Onun sözlərinə görə, ölkənin şimalında yaşayan əhalinin təhlükəsizliyi tam təmin olunana qədər hərbi fəaliyyət davam edəcək.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, İsrail 1980-ci illərdən etibarən Livan ərazisində dəfələrlə hərbi əməliyyatlar həyata keçirib:

“1980-ci illərin əvvəllərində İran Livanda “Hizbullah” təşkilatını yaratdı və silahlandırdı. Bu təşkilat İranın əmrlərinə uyğun şəkildə həm İsrail ərazilərini hədəf aldı, həm də müəyyən hallarda Livan daxilində fəaliyyət göstərərək regionda gərginliyi artırdı. Tarixdə bu tip qarşıdurmalar bir neçə dəfə təkrarlanıb və hazırda da İsrail “Hizbullah”ın mövqelərinə zərbələr endirir.

İrana qarşı müharibə başladıqdan sonra “Hizbullah” İsrailə hücumlarını intensivləşdirdi. Doğrudur, İsrail Qəzzada olduğu kimi burada da sərt və genişmiqyaslı hərbi gücdən istifadə edir. Lakin bu məsələdə Livan hökumətinin də məsuliyyəti var. Əgər Livan vaxtında “Hizbullah”a qarşı effektiv tədbirlər görsəydi, bu gün İsrailin müdaxiləsi üçün əsas yaranmaya bilərdi.

elxan sahinoglu 2
Elxan Şahinoğlu

Livan tərəfi bir neçə il əvvəl “Hizbullah”ın tərksilah ediləcəyi ilə bağlı öhdəlik götürsə də, bu, reallaşmadı. Açıq şəkildə demək lazımdır ki, “Hizbullah” hazırda Livan ordusundan daha güclü hərbi potensiala malikdir. Eyni zamanda, Avropa ölkələri də bu məsələdə Livana ciddi dəstək göstərmir. Ona görə də İsrail birbaşa müdaxilə yolunu seçdi.

Hazırkı şəraitdə İsrailin Livanın cənubunda möhkəmlənməsi ehtimalı da istisna deyil. Bu proses “Hizbullah”ın tam tərksilah olunmasına qədər davam edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: