Fransa və bir sıra müttəfiq ölkələr ABŞ, İsrail və İran arasında başlanan münaqişədən sonra bağlanan Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası məqsədilə yeni “müdafiə missiyası” hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın prezidenti Emmanuel Makron Kiprə səfəri zamanı bildirib.
Makron qeyd edib ki, avropalı tərəfdaşlarla birlikdə hazırlanacaq missiyanın məqsədi münaqişənin ən gərgin mərhələsi başa çatdıqdan sonra konteyner və tanker gəmilərinin müşayiət olunmasını təmin etmək və Hörmüz boğazını mərhələli şəkildə yenidən açmaqdır.
Fransa prezidenti həmçinin ölkəsinin 2024-cü ildən Avropa İttifaqı tərəfindən Qırmızı dənizdə həyata keçirilən əməliyyata daha iki freqat göndərəcəyini açıqlayıb. Bununla Fransanın bölgədəki hərbi dəniz qüvvələri səkkiz freqat, iki desant helikopterdaşıyan gəmi və hazırda Krit adası sahillərində yerləşən “Şarl de Qoll” aviadaşıyıcısından ibarət olacaq.
Söhbət 2024-cü ilin fevralında Avropa İttifaqı ölkələri tərəfindən Qırmızı dənizdə ticarət gəmilərini husilərin hücumlarından qorumaq üçün başladılan “Aspides” hərbi-dəniz missiyasından gedir.
Əliyar Xəlil