Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Azərbaycan və Türkiyə ilə bağlı mövqeyinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“İran Prezidenti Məsud Pezeşkianın açıqlaması tam olaraq bizim mövqeyimizlə üst-üstə düşür: “Hücuma icazə verməyən, hücum etməyən bir yerə biz də hücum etməyəcəyik, indiyə qədər hücum etdiyimiz üçün üzr istəyirik” sözləri əsasən bizim vurğuladığımız xəttdir.
Lakin bundan sonra bu açıqlamaya müxtəlif şərhlər də gəldi. Bu, İran sisteminin öz daxilində olan bir vəziyyətdir. İndi həqiqətən çətin günlərdən keçirlər. Allah İran xalqına bu müqəddəs Ramazan ayında kömək olsun.
Digər tərəfdən, hazırkı rəhbərlik daxilində bəlli məqamlarda bir araya gəlməkdə problemlər, qərar qəbul etmə çatışmazlıqları səbəbindən yeni bir rəhbəri seçə bilmirlər. Vacib qərarların qəbul edilməsi həmin vəzifədə mümkündür. Görəcəyik.
Bizə atılan raketlə bağlı məsələyə gəldikdə, bunlar hava sahəmizdən girərkən vuruldu. Prezidentimiz ölkənin mövqeyini ortaya qoydu: biz asanlıqla provokasiyaya gələn bir ölkə deyilik. Təhlükəsizliyimizi müdafiə etməkdə çox şükür heç bir problemimiz yoxdur, amma digər tərəfdən də provokasiyaya gəlmək, bir müharibəyə çəkilmək nə deməkdir, onu da yaxşı bilirik.
İranlı dostlarla danışdıq, dedik ki: “Əgər raket yanlışlıqla, yolu itirərək ərazimizə daxil olubsa, bu, başqa məsələ, amma bunun davamı gələcəksə, bizim sizə tövsiyəmiz odur ki, diqqətli olun, belə bir macəraya İrandan heç kəs atılmasın”.
Çünki Türkiyə bu günə qədər dəfələrlə dostluğunu, düzgün mövqeyini, sülhə olan xidmətini daim ortaya qoyub. İran illərdir sanksiyalar altındadır, bir çox təzyiqlərə məruz qalıb, amma həqiqətən bölgədə müəyyən prinsiplərlə, qaydalarla, düzgün, şəffaf hərəkət edən nadir ölkələrdən biri də Türkiyə olub”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az