irakli kurt gruplar irana kara harekatina basladi iddiasi 69a9319f1e54b

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatdan bir gün sonra İraq Kürdüstanının liderləri ilə gizli telefon danışığı apardığı iddia olunur. Mənbələr bildirir ki, Tramp bu görüşdə İranda bəzi addımların atılmasını müzakirə edib.

İddialara görə, ABŞ İraqdakı kürd qruplarının maliyyələşdirilməsi və silahlandırılması imkanlarını nəzərdən keçirir. Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) belə bir plan üzərində çalışdığı bildirilir, lakin təfərrüatlar hələlik açıqlanmır.

Fikrimcə, hazırda İran üçün ABŞ və İsrailin hərbi zərbələrindən daha riskli olan məqam kürdlərdir. Aydın məsələdir ki, İsrailin quru əməliyyatları üçün kifayət qədər canlı qüvvəsi yoxdur. ABŞ isə genişmiqyaslı müharibənin səbəb olacağı itkilərin fərqindədir. Buna görə də, Vaşinqtonun İŞİD-ə qarşı seçdiyi taktikaya yenidən əl atması mümkündür.

Tarixi təcrübə göstərir ki, ABŞ İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlarda kürd qüvvələrindən aktiv şəkildə istifadə edib. Bu, həm taktiki üstünlük, həm də strateji vasitə kimi Ağ Evə daha çevik və nisbətən nəzarətli müdaxilə imkanı verirdi. Yəni indi bu planın İranda da tədbiqi mümkündür.

Məsələ ondadır ki, kürdlərin özü də hazırda buna çox həvəslidir. Belə ki, Yaxın Şərqdə son illər artan bir kürd aktivliyi mövcuddur. Yəni proses təkcə İranla məhdudlaşmır və daha geniş geosiyasi kontekstin bir hissəsidir. Məsələn, İraqda faktiki olaraq muxtar və güclü siyasi struktura malik İraq Kürdüstanı mövcuddur. Bu bölgənin öz parlamenti, təhlükəsizlik qüvvələri və iqtisadi əlaqələri ilə de-fakto dövlət xüsusiyyətləri var. Suriyada isə kürd qüvvələri və onların siyasi təşkilatları faktiki muxtariyyət əldə edə biliblər. Ölkənin şimal-şərqində yerləşən kürd idarəetməsi həm hərbi, həm də inzibati baxımdan müəyyən dərəcədə müstəqil fəaliyyət göstərir. Bu, regionda mümkün kürd siyasi strukturlarının ikinci dayağıdır.

Türkiyədə vəziyyət daha mürəkkəbdir. Burada kürd siyasi hərəkatı yalnız separatizm üzərində qurulmayıb, əksinə, kürdlər Türkiyədə ciddi sosial və siyasi təsir gücü qazanıblar. Parlamentdə təmsilçilik, yerli idarəetmələrdə mövcudluq və geniş seçici bazası vasitəsilə onlar ölkənin siyasi balansına təsir edən əsas aktorlardan birinə çevriliblər. Buna görə də Türkiyədə müstəqil dövlət ssenarisindən daha çox siyasi təsir və hüquqların genişləndirilməsi xətti üstünlük təşkil edir.

Bu mənzərədə İran prosesin növbəti və ən həssas mərhələsi kimi görünür. İran daxilində fəaliyyət göstərən PJAK kimi kürd silahlı təşkilatları son aylarda yenidən aktivləşib. Bu qruplaşmaya silah daşınması və yeni təşkilatlanma proseslərinin getməsi regiondakı gərginliyi artıran amillərdəndir.

Bütün bunlar göstərir ki, kürd məsələsi artıq yalnız etnik və ya lokal siyasi problem deyil. Böyük güclərin regionda apardığı geosiyasi rəqabətin alətinə çevrilib. Yaxın Şərqin siyasi xəritəsinin dəyişdirilməsi ilə bağlı müxtəlif ssenarilərdə kürdlər mühüm rol oynaya biləcək potensial aktor kimi çıxış edir.

turan rzayev 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: