Ermənistan Türkiyə ilə dövlət sərhədinin bir hissəsindən rus sərhədçilərini çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV-ləri hökumətin 2025-ci il üzrə fəaliyyət proqramının icrası haqqında hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, 1 mart 2025-ci ildən etibarən Ermənistan–Türkiyə sərhədində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsində xidmət yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən həyata keçirilir.
Hesabatda qeyd olunur ki, 2026-cı ilin əvvəlindən analoji qayda “Axurik” sərhəd-keçid məntəqəsində də tətbiq olunub və burada da yalnız erməni sərhədçilər xidmət aparır.
Beləliklə, hazırda ölkə ərazisində fəaliyyət göstərən bütün dövlət sərhəd-keçid məntəqələri tam şəkildə Ermənistanın sərhəd qoşunlarının nəzarəti altındadır və bu məntəqələrdə Rusiya sərhədçilərinin iştirakı qeydə alınmayıb.
Qeyd edək ki, sərhəd təhlükəsizliyi məsələsi son illər Ermənistan hökumətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunur və rəsmi İrəvan dövlət sərhədlərinə nəzarətin mərhələli şəkildə milli strukturlara verildiyini bildirir.
Əliyar Xəlil
Globalinfo.az