“2022-ci ilin fevralın 24-dən bir neçə ay əvvəl, ABŞ və Böyük Britaniya kəşfiyyatı artıq Rusiya ordusunun Ukraynaya tammiqyaslı hücum planlarını ətraflı şəkildə öyrənmişdi”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və o vaxtkı rəhbəri Kirill Budanov 24 fevral 2022-ci ildən əvvəl genişmiqyaslı müharibəyə hazırlaşmağa başlayıb:
“Sözügedən plana Qostomel şəhərinin tutulması, Kiyevin ələ keçirilməsi cəhdləri və həbs üçün ukraynalıların siyahıları daxil idi. Müharibənin əvvəlində Kiyevin tez bir zamanda ələ keçirilməsi ssenarisinin uğursuzluğu Ukrayna kəşfiyyatının hazırlığı və Qərb kəşfiyyat orqanları ilə əməkdaşlığının nəticəsidir.
Belə ki, 2021-ci ilin payızında Qərb xüsusi xidmət orqanları Ukraynanı Rusiyanın genişmiqyaslı hücum ehtimalı barədə xəbərdar etmişdi. ABŞ CIA və Britaniyanın MI6 müvafiq kəşfiyyat məlumatlarını təqdim etmiş, müttəfiqlər isə ən pis ssenariyə hazırlıq görməyin vacibliyini vurğulamışdılar. Buna baxmayaraq, Ukrayna Prezidenti Volodimir Zelenski bu məlumatı “passiv” şəkildə qəbul etmişdi”.
Nəşr yazıb ki, siyasi dairələr işğal ehtimalına şübhə ilə yanaşsa da, kəşfiyyat idarəsi paytaxta yönələn hücumlara qarşı gizli hazırlıq işlərinə başlamışdı:
“Rusiya kəşfiyyatı isə işğal ərəfəsində Ukraynada təxribat və kəşfiyyat fəaliyyətlərini genişləndirmişdi. Onlar yalnız məmurlarla deyil, dövlət aparatının aşağı səviyyələrindəki şəxslərlə də əlaqə qurmağa çalışırdılar. Bu şəraitdə Ukraynanın hərbi kəşfiyyat qurumları Moskvanın genişmiqyaslı təcavüz və hücum ehtimalına qarşı qeyri-rəsmi hazırlıq tədbirləri həyata keçirmişdi. Hazırlıqlar Kiyevə potensial hücum da daxil olmaqla, kəskin eskalasiya ssenarilərini əhatə edirdi”.
Safura Bənnayeva
Globalinfo.az