1680079398 irevan1

Qərbi Azərbaycan İcması Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edən bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq.

Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmişdir. Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?”.

Bəyanatın məqsədi nədir?

Globalinfo.az-a danışan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədrinin müavini, deputat Hikmət Babaoğlu deyib ki, hazırda Ermənistanda bəzi revanşist qüvvələr seçki ərəfəsində Azərbaycana qarşı sərt ritorikadan istifadə etməklə sülh tərəfdarı olan siyasi təşkilatları sıxışdırmağa çalışırlar:

“Lakin məsələ bununla məhdudlaşmır. Bu radikal qruplaşmaların xaricdəki erməni lobbilərinin və regionda sülhün bərqərar olmasında maraqlı olmayan bəzi xarici dövlətlərin təsiri altında fəaliyyət göstərdiyi də müşahidə olunur. Bu dövlətlər sırasında, ilk növbədə, Fransa, eləcə də regiondakı bəzi qonşu ölkələr yer alır. Bu baxımdan, Ermənistanda Samvel Şahramanyanın iddiası əsasında məhkəmə qərarının çıxarılması və onun Dağlıq Qarabağın buraxılması ilə bağlı qərarının guya təzyiq altında verildiyinin iddia edilməsi sülh prosesinə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. Bu, açıq şəkildə sülh istəməyən qüvvələrin mövqeyini əks etdirir. Məhz buna görə Qərbi Azərbaycan İcması bu mövqenin həm sülhə, həm də Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququna qarşı olduğunu nəzərə alaraq dərhal bəyanatla çıxış edib. İcma yaxşı anlayır ki, doğma yurda qayıdış yalnız sülh şəraitində mümkündür”.

hikmet babaoglu 900x615 2

Hikmət Babaoğlu

Deputat bildirib ki, bu cür məhkəmə qərarları sülhə deyil, müharibə və qeyri-sabitliyə xidmət edir:

“Hesab edirəm ki, gec olmadan Ermənistanda sülhpərvər ictimai təşkilatlar bu məsələ ilə bağlı hüquqi addımlar atmalı, məhkəmə qərarından yuxarı instansiyalara müraciət edilməli və həmin qərarın ləğvinə nail olunmalıdır. Eyni zamanda bu mövqeni Ermənistanın hazırkı siyasi rəhbərliyi, o cümlədən Baş nazir Nikol Paşinyanın komandasının dəstəkləməsi vacibdir”.

Qeyd edək ki, fevralın 2-də İrəvan Məhkəməsi ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın tarixçi Njde Ovsepyan və Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qarşı iddiasını rədd edib. Separatçı sözügedən şəxs və qurumu ona “böhtan” atmaqda günahlandırmışdı.

Məhkəməyə müraciət edən Samvel Şahramanyan iddia edib ki, 9-cu sinif “Tarix” dərsliyində yer alan “Dağlıq Qarabağ Respublikasının prezidenti Dağlıq Qarabağ Respublikasının ləğvi haqqında fərman imzalayıb” ifadəsi yalan, böhtan və təhqirdir. İrəvan Məhkəməsi Samvel Şahramanyanın bu iddiasının təsdiqlənmədiyini bildirib. Məhkəmə qərarın təzyiq altında verildiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejim ordumuzun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi antiterror tədbirlərindən sonra ləğv edilib. Samvel Şahramanyan bundan sonra – sentyabrın 28-də separatçı rejimin sonuncu başçısı “qurumun ləğvi barədə fərman” imzalayıb.

Ləman İmran
Globalinfo.az

Paylaş: