Bakının əsas tələbi qəbul edilmədi – Paşinyan vaxt qazanır, sonra isə…

“Ermənistanda konstitusiya dəyişikliyinin olmaması Azərbaycan və Türkiyəyə ərazi iddialarının saxlanılması anlamına gəlir”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov rəsmi İrəvanın Bakının tələblərinə baxmayaraq konstitusiya dəyişikliyindən yayınmaq cəhdi barədə danışarkən deyib.

O bildirib ki, faktiki olaraq Ermənistan revanşizmi qoruyub saxlamağa çalışır:

“Ermənistanın konstitusiya dəyişikliyinə getməməsi qəbuledilməzdir. Beynəlxalq qanunvericiliklə konstitusiya ziddiyyət təşkil etdikdə ikincinin üstün hesab edilməsi fonunda rəsmi İrəvan dəyişiklik qərarı verməli, Bakının tələbi yerinə yetirilməlidir”.

Politoloqun sözlərinə görə, Ermənistan daxilində gərginlik pik həddədir:

“Keşiş Baqrat Qalstanyanın nümayişləri hakimiyyəti əmin addımlar atmağa qoymur. Bu aksiyalar hakimiyyət üçün ciddi təhdid yaratmır, lakin sülh əleyhinə prosesdir. Nəticədə sülhlə bağlı əngəllər formalaşıb. Ermənistan siyasi rəhbərliyi bunu daxili vəziyyətlə əlaqələndirərək vaxt qazanır. Revanşizm ideyaları həm müxalifət, həm də hakimiyyət cəbhəsində geniş vüsət alır”.

Safura Bənnayeva
Globalinfo.az