Isis lead illo 1140x570 1

Mozambikdə İŞİD-lə əlaqəli silahlı qruplaşmanın fəaliyyətinin genişlənməsi nəticəsində iyul ayından bəri 300 mindən çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan başqa, ABŞ Nigeriyada İŞİD-ə qarşı əməliyyat keçirib.

“Bitdi” elan edilən qruplaşma necə və niyə geri qayıtdı? İŞİD yenidən dirçələ bilərmi? Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün hər hansı təhlükə varmı?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirməsi bu təşkilatın hələ tam bitmədiyini göstərir:

“İŞİD “Əl-Qaidə”dən fərqli olaraq hüceyrə prinsipi ilə fəaliyyət göstərən bir təşkilatdır. Bu hüceyrələrin bəziləri passiv vəziyyətdə saxlanılırdı. Yəni qlobal miqyasda İŞİD-ə qarşı hərbi əməliyyatlar başladıqdan sonra təşkilat öz fəaliyyətini passivləşdirdi. Görünür, indi həmin passiv hüceyrələr aktivləşir.

Nigeriya bu gün radikal islamın ən güclü olduğu ölkələrdəndir. Bu ölkədə uzun müddətdir ki, “Boko Haram” terror təşkilatı konkret şəkildə fəaliyyət göstərir. Buna görə də Nigeriyada İŞİD-in fəaliyyətinin güclənməsi təəccüblü deyil. Mozambikə gəldikdə isə, bu ölkədə mərkəzi hakimiyyət zəifdir. Belə ölkələrdə radikal qruplaşmaların özünə yer tapması və güclənməsi səbəbsiz deyil. Fakt onu göstərir ki, İŞİD bu gün Afrika ölkələrində güclənir və mərkəzi hakimiyyətin zəif olduğu dövlətləri özü üçün hədəf seçib.

Təşkilat Yaxın Şərqdə də fəaliyyətdə qalmaqdadır. Son zamanlarda isə Suriyada təsirini hiss etdirir. Bu da əsasən ABŞ-ın regiona marağının azalması ilə bağlıdır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqtonun diqqəti Rusiya–Ukrayna müharibəsinə yönəldi və nəticədə Yaxın Şərqdə müəyyən boşluq yarandı. Bütün bunlar İŞİD-i gücləndirən amillər sırasındadır”.

zeynal serh
Zeynal Əmrəliyev 

Z.Əmrəliyev deyib ki, Azərbaycan üçün İŞİD təhlükəsi hələlik aktual deyil:

“Təşkilatın yaxın vaxtlarda Azərbaycana qarşı hansısa addım atacağını düşünmürəm. Xüsusilə qeyd edim ki, Azərbaycanın təhlükəsizlik orqanları bu məsələdə çox aktiv və operativ fəaliyyət həyata keçirir. Məsələn, son illərdə keçmişdə bu təşkilatla əlaqəli olan şəxslər həm ölkə daxilində, həm də xaricdə aşkarlanaraq zərərsizləşdirilib.

Azərbaycanda radikal meyilli şəxslərin sayı da çox deyil. Bundan başqa, mərkəzi hakimiyyət güclüdür. Belə olan halda İŞİD-in ölkəmizə sirayət etməsi və real təhdid yaratması inandırıcı görünmür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: