Eliyev putin 1

“Prezident İlham Əliyevin Putinə məhz indi zəng etməsi Azərbaycan-Ermənistan və Azərbaycan-Rusiya xəttindəki proseslər, o cümlədən Qarabağda baş verən son hadisələrlə bağlıdır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefon zəngi etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, məsələyə Prezidentin Putinə zəng etməsi fonunda yanaşmaq lazımdır:

“Yəni bu o deməkdir ki, rəsmi Bakının Moskva ilə müzakirə edəcəyi, aydınlaşdırmaq və mövqeyini çatdırmaq istədiyi məsələlər var. Bu məsələlərdən biri, şübhəsiz, Rusiyanın Bakı-İrəvan münasibətlərinə dair təklifi ola bilər.

Əliyev Putinə zəngdən öncə Bakıda Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul etdi. Xovayevin Moskvadan təklif gətirdiyi istisna deyil, bu, Rusiyanın vasitəçiliyi ilə liderlər səviyyəsində yeni görüşün keçirilməsi ola bilər. Əliyev Putinlə bu məsələləri müzakirə edə bilər.

Digər mühüm məqam telefon danışığının Vardanyanın Moskvadan Xankəndiyə qayıtmasından sonra baş tutmasıdır. Rusiya Vardanyanı vətəndaşlıqdan çıxarmaqla məsuliyyəti üzərindən atır, lakin Rubenin qanunsuz fəaliyyət göstərdiyi bölgə sülhməramlıların nəzarətindədir və buna görə Rusiya məsuliyyətdən qaça bilməz. Rubenin Rusiya vətəndaşlığından çıxarılması İlham Əliyevin “Vardanyan Rusiyadan təlimatla göndərilib” açıqlamasından sonra olmuşdu. Mümkündür ki, Əliyev Putinlə Vardanyan məsələsini yenidən müzakirə edib və Bakının mövqeyini, eyni zamanda ata biləcəyi praktiki addımları çatdırıb.

Burada Bakı və Moskva arasında münasibətlər də əsas məqamlardandır. Milli Məclisin spikerinin Moskvaya səfərində Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi gündəmə gəldi. Müzakirə mövzularından biri də bu ola bilər”.

Turan Rzayev

Globalinfo.az

Paylaş: