Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son zamanlarda aktivləşməsi və Azərbaycanla sülh prosesini hədəf alması diqqət çəkir. Köçəryan bir neçə gün əvvəl Rusiya səfərindən ölkəsinə qayıtdıqdan sonra mətbuat konfransı keçirdi, 8 avqustda ABŞ-da Bakı və İrəvana rasında imzalanan Bəyannaməni tanımadığını bildirdi.
Növbəti seçkilərdə partiyasının da iştirak edəcəyini açıqlayan Köçəryanın baş nazir olmaq istədiyi bildirilir. Analitiklərin fikrincə, o, bu açıqlamaları ilə əslində Rusiya və İrandan referans almağa çalışır.
Köçəryan bu yolla İrəvan hökuməti əleyinə uğur qazana bilərmi? Onun hakimiyyətə qayıtması Azərbaycanla sülh prosesinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, hazırda Ermənistan müxalifəti və II Qareginin rəhbərlik etdiyi Erməni Apostol Kilsəsi sülh prosesinin açıq şəkildə əleyhinə çıxış edir:
“Əgər Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın komandaları hakimiyyətə gələrsə, Azərbaycanla əldə olunan bütün razılaşmaları pozacaqlar. Təbii ki, geosiyasi reallıqlar, həmçinin Rusiyanın bölgədə zəifləməsi və Azərbaycanla Ermənistan arasında tranzit yollarının açılmasına dair razılaşmalar erməni ictimaiyyətində baş nazir Nikol Paşinyana dəstəyi artırır. Proseslər artıq “müharibə gündəliyi”ni “əməkdaşlıq gündəliyi” ilə əvəz edir.
Sülh prosesinə qarşı olan müxalifətin bunu poza biləcəyi və hakimiyyətə gəlmək perspektivi, reallıqda yoxdur”.

Məhəmməd Əsədullazadə
Politoloq bildirib ki, Paşinyan hökuməti daxildə kilsənin təsirini azaltmaq istiqamətində addımlar atır:
“Artıq Paşinyan II Qaregini Apostol kilsəsinin rəhbərliyindən uzaqlaşdırmaq üçün dini mərasimlərdə aktiv iştirak edir. Hətta yaxın zamanda keşiş Aramın Ermənistanın yeni katalikosu elan edilməsi də gözlənilir. Hakimiyyət kilsə daxilindəki müxalif qüvvələri neytrallaşdıraraq siyasi müxalifətə zərbə vurmağa çalışır”.
Turan Rzayev
Globalinfo.az