ankara tel eviv 900x531 1

“The Middle East Eye” İsrailin məhz Türkiyənin tələbi ilə HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin ailəsi və Türkiyə vətəndaşları da daxil olmaqla 66 nəfərin Qəzzanı tərk etməsinə icazə verdiyini yazıb.

Məlumata görə, onların arasından 16 nəfər Haniyənin yaxın qohumudur.

Türkiyəyə gətirilən HƏMAS üzvləri gələcəkdə bu ölkəyə problem yarada, yaxud yenidən təşkilatlana bilərmi? Gələcəkdə Ankaraya qarşı HƏMAS–PKK tandeminin formalaşma ehtimalı varmı?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, İsmayıl Haniyə əvvəlcə Fələstinin baş naziri kimi çalışıb, daha sonra isə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri vəzifəsinə təyin olunub:

“O, İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak üçün Tehranda səfərdə olarkən İsrailin sui-qəsdi nəticəsində öldürüldü. Bu sui-qəsd həm İranda, həm də Türkiyədə ciddi rezonans doğurdu və sərt reaksiyaya səbəb oldu. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə 2024-cü ilin 2 avqust tarixində ölkədə bir günlük milli yas elan edilmişdi. Başqa sözlə, Fələstinin azadlıq təşkilatı kimi formalaşan HƏMAS-a və onun siyasi liderinə Türkiyada ehtiram ən yüksək səviyyədədir. Bu təşkilatın PKK kimi mənfur terror qruplaşması ilə əlaqələndirilməsi məntiqə uyğun deyil.

Doğrudur, Türkiyə hazırda PKK ilə münasibətləri yoluna qoymaq istiqamətində addımlar atır. Ölkədə 47 ildir davam edən antiterror siyasətində uğurlu nəticələr əldə edilir. Hətta yaxın zamanda PKK fəaliyyətini dayandırdığını da açıqladı. Türkiyənin Yaxın Şərq siyasəti regionda qruplaşmanın təsir gücünü məhdudlaşdırmaq məqsədi daşıyır, bunun üçün isə əsasən İraq və Suriyada əməliyyatlar həyata keçirilir. İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzada apardığı hərbi əməliyyatlar isə bu “regional antiterror” siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Halbuki, Qərb HƏMAS-ı terror təşkilatı kimi tanıyır, Türkiyə isə onu Fələstin xalqının legitim təmsilçisi və azadlıq mübarizəsi çərçivəsində yaradılmış institut kimi qiymətləndirir. Ankara və Təl-Əviv arasında bu məsələ ilə bağlı fikir ayrılığının nəticəsi olaraq ilk hərbi-siyasi toqquşma 2010-cu ildə baş vermişdi”.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, 2023-cü ildən bu yana Türkiyə-İsrail münasibətləri daha da gərginləşib:

“Hətta 2024-cü ildə Türkiyə İsraillə ticarəti tamamilə dondurduğunu açıqladı. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada atəşkəsin elan olunması mövzusunda oktyabrın 13-də Misirdə keçirilən Yaxın Şərq Sülh Forumunda iştirakı da Ərdoğanın narazılığı səbəbindən baş tutmadı. Beləliklə, Türkiyənin Haniyənin yaxınlarını və aparıcı HƏMAS üzvlərini İsrailin mümkün hücumundan qoruması regional siyasətin formalaşmasında onları yenidən dövrəyə salma niyyətini göstərir.

Bütün bunlar İsrail–Türkiyə münasibətlərinə təhdid yarada bilər. Eyni zamanda Ankaranın dəstəyi ilə qlobal miqyasda müstəqil Fələstin dövlətinin tanınması və anklavın gələcək idarəçiliyində HƏMAS təmsilçilərinin yer alması mümkündür. Türkiyə atəşkəsdən dərhal sonra Qəzzada yenidənqurma işlərinə başlayıb və siyasi rekonstruksiyada da rol alacağı şübhəsizdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: