Azərbaycan xalqı Türkiyədə baş vermiş dəhşətli zəlzələyə yardım məqsədilə artıq iki gündür səfərbər olub. Bu səfərbərliyi belə ifadə edim: “Azərbaycan yatmayıb, səhərə qədər qardaşının köməyinə qaçıb”.
Aydın məsələdir ki, məlum prosesdə iki xalqın milli-dini kimliyinin bir olması, həm şad, həm də dar günlərində bir-birinin yanında dayanması kimi faktorlar mühüm rol oynayıb və bu birliyin tarixi əsrlər əvvələ dayanır.
Onu da etiraf etmək lazımdır ki, Türkiyə ilə Azərbaycanın son illərdə daha da yaxınlaşmasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var. İki lider hər məqamda bu qardaşlığı dilə gətirir, əməldə göstərir.
Fevralın 6-da baş verən və minlərlə insanın həyatını itirdiyi zəlzələdən sonra biz bunu bir daha gördük. Azərbaycan dövləti, xalqı ilk saatlardan etibarən qardaş Türkiyənin köməyinə tələsdi. Başqa ölkələr cənab Ərdoğana zəng edib “kömək etməyə hazırıq” deyəndə artıq Azərbaycana məxsus xilasedici qruplarla və humanitar ləvazimatlarla dolu təyyarələr zəlzələ bölgəsinə enmişdi.
Bütün bunların baş verdiyi məqamda Elçin Lənbəranski adlı tiktoker Türkiyəyə yardım aksiyasının keçirildiyi ərazidə canlı yayıma çıxıb deyir ki, “mənim çağırışımla Azərbaycanın bütün qeyrətli oğul və qızları buradadır”.
E.Lənbəranskinin sözündən belə çıxır ki, bütün bu yardım kampaniyasını MƏN təşkil etmişəm. Yəni təxminən deyir ki, İlham Əliyev və R.T.Ərdoğanın bu vaxta qədər qardaşlıq üzərindən apardıqları siyasətin nəticəsi olmadı, prosesə mən müdaxilə etdim! Və yenə Elçin bəy deyir ki, Azərbaycan xalqı fil qulağında yatmışdı, mən çağırış edəndən sonra yardım etmək yadına düşdü.
Maraqlıdır: Lənbəranski Elçin bu çıxışı ilə hər iki prezidentin önünəmi keçmək istəyir, yoxsa gələcəyə yönəlik başqa məqsədi var? Haqqı olmadığı halda niyə özünü xalqın gözündə qəhrəmanlaşdırır?
Əvvəla, insanlar oraya axın edəndə heç Elçin Lənbəranski izləyicilərinə müraciət etməmişdi.
İkincisi, bu iki qardaş ölkənin əhalisi bir-birinin köməyinə qaçanda Elçin Lənbəranskinin izi-tozu da yox idi.
Ümumiyyətlə, faciə üzərindən reytinq qazanmaq, öz imicini yüksəltməyə çalışmaq həyasızlığın hansı levelidir? – bunu deyə bilmərəm. Amma onu əminliklə demək olar ki, Elçin Lənbəranski ötən gün etdiyi çıxışla Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı istiqamətdə apardığı zəruri siyasəti özü adına çıxmış oldu.
Tamerlan Yayaqan
Globalinfo.az