“Ərazimizə” hücum edən terrorçu niyə Bakıya təhvil verilmir? – İki versiya

İran-Azərbaycan münasibətlərinin pisləşməsinin əsas səbəbi Tehrandakı səfirliyimizə edilən hücum idi. Rəsmi Tehran bir müddətdir münasibətləri normallaşdırmaq istəsə də, səfirliyimizə hücum edən terrorçunu cəzalandırmır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İrandan nə isə gözləmək əbəsdir:

“Məsələ ondadır ki, səfirliyimizə hücumun sifarişini İran hakimiyyəti verib. Rəsmi Tehran məhz buna görə həmin şəxsi Bakıya təhvil vermir. Ümumiyyətlə, həmin şəxsin cəzalandırılması da daxildə etiraza səbəb olar. Çünki İran hakimiyyəti onu namus, qeyrət qəhrəmanı kimi ictimaiyyətə təqdim etdi.

Qabil Hüseynli

Həmin şəxs İran kanallarına həyat yoldaşının səfirlikdə olduğu üçün hücumu təşkil etdiyini deyib. Bu, çox absurd yanaşma olsa da, İran ictimaiyyəti üçün məqbuldur. Rejim həmin şəxsi buna görə edam etmir. Lakin Azərbaycanın şərti bəllidir: Həmin şəxs ən ağır şəkildə cəzalanmalıdır, əks təqdirdə münasibətlər əvvəlki kimi olmayacaq”.

Kənan Rövşənoğlu

Politoloq Kənan Rövşənoğlu isə deyib ki, səfirliyimizə hücum edən şəxsin məhkəmə prosesi yaxın vaxtlarda başlayacaq:

“Ümumiyyətlə, hər hansısa bir cəza verilməsi üçün ilk növbədə məhkəmə prosesi baş tutmalıdır. Bu, hələlik edilməyib, lakin yaxın vaxtlarda keçiriləcək. Nəticənin necə olacağı haqda nə isə demək çətindir. Düşünürəm ki, həmin şəxsə cəza veriləcək”.

Turan Rzayev
Globalinfo.az