f8af1f24d62347b3ab8e364eecd84335

Globalinfo.az oktyabrın 13-ü Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında müharibəyə son soyulması məqsədilə Sülh Sammitinin keçirilməsi mövzusunda deputat Elçin Mirzəbəyli ilə müsahibəni təqdim edir:

– Elçin bəy, Qəzza zolağında sülhün əldə olunması istiqamətində qlobal güclərin də iştirakı ilə keçirilən bu sammit Yaxın Şərqə real sülh gətirəcəkmi?

-Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza üzrə Liderlər Sammiti Yaxın Şərqdə uzun illərdir davam edən qarşıdurmaların və beynəlxalq güclərin maraqlar toqquşmasının növbəti mərhələsində mühüm siyasi hadisə kimi dəyərləndirilir. Sammitin təşəbbüskarları olan ABŞ və Misir prezidentləri bu görüşə 20-dən çox ölkənin liderlərini dəvət etməklə, faktiki olaraq regional böhranı beynəlxalq məsuliyyət çərçivəsinə daşımaq istəyirlər.

Hazırkı mərhələdə Qəzza məsələsi təkcə İsrail və Fələstin arasında deyil, ümumilikdə Yaxın Şərqin siyasi nizamında təsir dairələrinin bölünməsi ilə bağlı qlobal rəqabətin ifadəsinə çevrilib. HƏMAS-İsrail qarşıdurması lokal münaqişə deyil, bu prosesin arxasında ABŞ, İran, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Avropa İttifaqının (Aİ) fərqli strateji məqsədləri dayanır. ABŞ və Misir sammit vasitəsilə həm bölgədə sülhə çağırış mesajı verməyə, həm də beynəlxalq donor mexanizmini işə salmaqla siyasi və humanitar məsuliyyəti kollektiv şəkildə bölüşdürməyə çalışır. Lakin təcrübə göstərir ki, belə sammitlər çox zaman siyasi iradədən daha çox geosiyasi maraqların qarşılaşdırıldığı platformaya çevrilir.

– Sammitə dəvət alan ölkələr arasında Azərbaycanın da adı var. Belə bir beynəlxalq səviyyədə kritik əhəmiyyətli sammitə ölkəmizin də dəvət olunması necə dəyərləndirilməlidir?

– Dəvət olunan ölkələr arasında Azərbaycanın da yer alması, təkcə diplomatik jest deyil, həm də ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və balanslaşdırılmış siyasət yürüdən aktor kimi qəbul edildiyini göstərir.

Ölkəmiz son illərdə beynəlxalq arenada balanslı, çoxvektorlu və prinsipial diplomatiya modeli ilə seçilir. Azərbaycanın dəvət alması, sadəcə Qəzza böhranına münasibətin ifadəsi deyil, həm də Bakıdan beynəlxalq səviyyədə gözlənilən vasitəçi və etibarlı tərəfdaş statusunun təsdiqidir. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının üzvü, həm də Qoşulmama Hərəkatında fəal ölkə kimi humanitar məsələlərdə önəmli mövqe sərgiləyir. Qarabağın işğaldan azad edilməsindən sonra bərpa və reinteqrasiya sahəsində əldə olunan təcrübə Azərbaycanın Qəzza üçün nəzərdə tutulan bərpa proqramlarında da praktiki model kimi çıxış edə biləcəyini göstərir.

Bakı üçün bu sammit həm də beynəlxalq səviyyədə siyasi etimadın göstəricisidir. Ölkəmizin sülh təşəbbüsləri, regional sabitlik və enerji təhlükəsizliyi sahəsində oynadığı rol artıq Yaxın Şərq diplomatiyasında da diqqətlə izlənir. Azərbaycan burada balanslaşdırılmış yanaşmasını qoruyaraq, həm humanitar, həm də siyasi müstəvidə real töhfə vermək imkanına malikdir. Bu, ölkəmizin xarici siyasət fəlsəfəsinə, ədalət, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan yanaşmasına tam uyğundur.

– Qəzza üzrə Liderlər Sammitinin Misirin əsas turizim bölgəsi sayılan Şarm əl-Şeyx şəhərində keçirlməsinin hansısa simvolik mənası varmı?

– Sammitin coğrafi məkanı da simvolik məna daşıyır. Şarm əl-Şeyx Misirin turizm mərkəzi olmaqla yanaşı, tarixi baxımdan Ərəb–İsrail münaqişələrinin müzakirə olunduğu, yəni diplomatik balansın qorunduğu məkan kimi tanınır. Bu dəfə də Misir regiondakı neytral vasitəçi imicini bərpa etməyə, ABŞ isə sülh təşəbbüsünün əsas memarı kimi görünməyə çalışır.

Elcin mirz%C9%99b%C9%99yli
Elçin Mirzəbəyli

– ABŞ və Misir prezidentlərinin rəsmi dəvəti ilə tədbirə Azərbaycanla yanaşı, İspaniya, Yaponiya, Hindistan, Macarıstan, Kanada, İran və hətta Ermənistan kimi bir çox fərqli geosiyasi mövqedə dayanan ölkələr də qatılır.  İştirakçıların bu qədər rəngarəng olduğu bir sülh masası nə dərəcədə effektiv olacaq?

– Beynəlxalq müşahidəçilər sammitin nəticələrini üç ssenari üzrə qiymətləndirirlər. Optimist ssenariyə görə, tərəflər atəşkəsi qoruyur, genişmiqyaslı humanitar yardım təmin olunur və Qəzzada beynəlxalq nəzarət altında müvəqqəti idarəetmə strukturu yaradılır. Bu halda regionda gərginlik azala və bərpa prosesi üçün beynəlxalq resurslar səfərbər edilə bilər. Realist ssenariyə əsasən, proses qismən dayanıqlı olacaq. Lokal toqquşmalar davam etsə də, genişmiqyaslı hərbi əməliyyatların yenidən alovlanması ehtimalı az qalacaq. Pessimist ssenari isə razılaşmaların pozulması, siyasi etimadsızlıq və xarici təsir mərkəzlərinin təxribatları nəticəsində sülh prosesinin iflasa uğraması variantını nəzərdə tutur.

– Sammit nəticəsində uzun illərdir davam edən İsrail-Fələstin qarşıdurması tamamilə başa çata bilərmi?

– Sammitin əsas hədəfi atəşkəsin möhkəmləndirilməsi, humanitar dəhlizlərin açılması, girovların azad edilməsi və Qəzzanın bərpası üçün beynəlxalq mexanizmin formalaşdırılması olsa və hər nə qədər humanist məzmun daşısa da, onun həyata keçirilməsi regiondakı güc balansının razılığına bağlıdır. İsrail və HƏMAS arasında birbaşa dialoqun məhdud olması, tərəflərin bir-birinə etimad göstərməməsi və prosesdə üçüncü tərəflərin fərqli mövqeləri bu məqsədlərin reallaşmasını çətinləşdirir. ABŞ və Misir vasitəçiliyi müəyyən dərəcədə dialoq platforması yaratsa da, nə İsrailin sərt təhlükəsizlik siyasəti, nə də HƏMAS-ın siyasi legitimlik axtarışları hələ ki, real kompromisə çevrilmir.

Qlobal miqyasda isə sammit Yaxın Şərqdə yeni güc düzəninin formalaşmaqda olduğunu göstərir. ABŞ və Misirin təşəbbüsü Qərbin regionda təsirini saxlamaq cəhdi kimi oxunur, İran və onun tərəfdaşlarının reaksiyası isə bölgədə paralel bloklaşma tendensiyasını gücləndirə bilər. İsrail–HƏMAS qarşıdurmasının bitməsi üçün yalnız diplomatik razılıq deyil, həm də regional və beynəlxalq təhlükəsizlik mexanizmlərinin işlək vəziyyətə gətirilməsi vacibdir. Əks halda, sammit bir “siyasi fasilə”dən o yana keçməyəcək.

O baxımdan Şarm əl-Şeyx görüşü Yaxın Şərq üçün yeni siyasi mərhələnin başlanğıcı hesab edilə bilər, amma bu prosesin nə qədər davamlı olacağı geosiyasi aktorların real maraqlarından asılıdır. Azərbaycan kimi müstəqil və prinsipial mövqe nümayiş etdirən ölkələrin iştirakı isə prosesə ədalət və balans elementini gətirir. Bu, həm də Azərbaycanın qlobal miqyasda sülh və təhlükəsizlik gündəliyinə töhfə vermək niyyətinin təsdiqidir.

Nəticə etibarilə, Qəzza ilə bağlı sammit beynəlxalq diplomatiyada yeni bir sınaq meydanıdır. Qlobal güclər bu dəfə Yaxın Şərqə tam sülh gətirə bilməsələr də, ən azı silahların susması və humanitar fəlakətin qarşısının alınmasına nail olmaları regional siyasətin mənzərəsini dəyişə bilər.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az

Paylaş: