putin r

“Rusiya-Ukrayna müharibəsində Kreml administrasiyasının bir sıra yanlış addımları oldu ki, bu da müharibənin gedişinə təsir etməyə bilməzdi. Öncə onu qeyd etmək lazımdır ki, 18 gün sonra müharibənin 1 ili arxada qalır və hələ də tərəflərin, xüsusilə də Rusiyanın ciddi uğuru nəzərə çarpmır. Bu isə həm ordu daxilində, həm də cəmiyyətdə ruh düşkünlüyünə səbəb olmaqla yanaşı, Kremlin sorğulanmasına zəmin yaradır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov qeyd edib.

Onun fikrincə, müharibənin başlaması həm də bir sıra məqamların üstünü açmış oldu:

“Önəmli məsələlərdən biri bəzi əlahiddə və proksi qrupların müharibəyə cəlb edilməsi oldu. Belə ki, müharibənin ilk vaxtlarından Çeçenistanın rəhbəri Ramzan Kadırovun başçılıq etdiyi çeçen döyüşçüləri önə çıxmaq istəsə də, uğurlu nəticə olmadı. Məlumatlara əsasən, Kadırov təkcə bu müharibədə 25-30 min arası canlı qüvvə itirdi və nəticədə geri çəkildi”.

Samir humbetov

Samir Hümbətov

Politoloq qeyd edib ki, daha sonra isə Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” Ukraynada görünməyə başladı:

“Rusiyada 1 milyona qədər silahlı qüvvə var, amma Kreml ordunun mövcud durumunu nəzərə alaraq “Vaqner”i də müharibəyə daxil etdi. Beləliklə, müharibədə iştirak edənlərin miqyası böyüməyə başladı. Daha öncə “Vaqner”i Suriya, Liviya, Çad və digər bölgələrdə döyüşdürüb. İlk vaxtlar “Vaqner” Ukraynada ciddi itkilər verdi ki, bu da Priqojin və Rusiya üçün nüfuz itirmək anlamına gələ bilər.

Daha sonra isə Rusiya həbsxanalarında ağır cəzaya məhkum edilmiş şəxslərin “Vaqner” tərəfindən müharibəyə cəlb edilməsi haqqında məlumatlar yayılmağa başladı.

2022-ci ilin aprelində Ukraynada döyüşən ordunun başına Aleksandr Dvornikov gətirildi. Onun ciddi uğurları olmadığı üçün oktyabrda növbəti dəyişiklik oldu və rəhbərliyə Sergey Srovikin gətirildi. Ordu yenə ciddi uğur qazana bilmədi. Əksinə, “Vaqner” həbsxanadan gətirib döyüşdürdüyü dustaqlarla daha çox fərqlənməyə başladı ki, bu da Kremldə ciddi narahatlıq yaratdı. Ona görə də təqribən 3 həftə öncə Putin Ukraynada döyüşən ordunun komandanlığını dəyişməli oldu. Bu dəfə isə ordunun Baş Qərargah rəisi Valeri Gerasimovu komandanlığa gətirdi. Şübhəsiz ki, Kremli bu dəyişikliyə vadar edən əsas səbəblərdən biri “Vaqner” rəhbəri Priqojinin elita daxilində nüfuzunun artmasıdır. Bu isə Putinin hakimiyyət anlayışına ziddir”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: