“Fransa Rusiyanı rəqib kimi görür, amma düşmən hesab etmir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron “France 24” telekanalına müsahibəsində səsləndirib.
O, NATO-ya üzv ölkələrin hava məkanının pozulmasına qarşı reaksiyanı gücləndirməyə çağırıb.
“Yeni təxribatlar olarsa, daha sərt cavab verməliyik”, – deyə Makron vurğulayıb, lakin o, belə insidentlərin sadəcə nümayiş xarakteri daşıdığı hallarda silahlı qüvvədən dərhal istifadə edilməsinin düzgün olmadığını bildirib.
Polşanın hava məkanını pozan təyyarələrin vurula biləcəyi ilə bağlı suala cavab verən Makron veriləcək cavabın “mütənasib” olmalı olduğunu bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiya təyyarələrinin NATO ölkələrinin səmasında görünəcəyi təqdirdə onların vurulmasının mümkün ola biləcəyini bildirmişdi.
Polşanın Baş naziri Donald Tusk isə daha əvvəl bəyan etmişdi ki, Varşava yalnız NATO müttəfiqlərinin vahid qərarı əsasında hava hədəflərini vurmağa hazır ola bilər. Onun sözlərinə görə, ayrı-ayrı liderlərin sərt bəyanatları belə addımlar üçün kifayət etmir.
Tahir Turan
Globalinfo.az