Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanla ticarət əlaqələrinin bərpa ediləcəyinə dair açıqlaması müzakirələrə səbəb olub. Simonyan Erməni-Azərbaycan bazarının yaradılacağını, iki ölkənin məhsullarının qarşılıqlı şəkildə yerli dükanlarda satışa çıxarılacağı, hətta ermənilərin ucuz benzin ala biləcəyini söyləyib.
Lakin bu məsələ yerli ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xalqların 30 ildən çox müddətdə bir-birinə qarşı düşmən münasibətində olduğu əsas götərilərək qarşılıqlı əlaqələrin bərpasının zaman tələb etdiyi bildirilir.
Bu, baş verərsə, Azərbaycanla Ermənistan hansı məhsulları ixrac və idxal edə bilərlər? Ümumiyyətlə, Azərbaycan xalqı belə bir prosesə nə dərəcədə hazırdır?
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Alen Simonyanın fikirlərinin hansı sürətlə həyata keçəcəyi haqqında bir məlumat yoxdur:
“Əvvəla sülh müqaviləsi imzalanmayıb. Prinsipial olaraq razılığa gəlinib ki, Azərbaycan və Ermənistan artıq müharibə şəraitdə yaşamaq, hansısa qarşıdurmaya getmək istəmirlər. Növbəti mərhələdə təbii ki, regional inteqrasiya baxımından dünya miqyasında əməkdaşlığa sadiq qalmaq üçün əsas sferalarda bütün qonşu dövlətlərə əlaqə yaratmaq lazmdır. Bu, Azərbaycanın ali məqsədinin əsas hissələrindən biridir. Digər tərəfdən, dəfələrlə ölkəmizin Ermənistanla müharibə etmək niyyətində olmadığını da bəyan etmişik. Bizim qarşımızda olan əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi idi ki, buna da nail olmuşuq. Ona görə də Azərbaycan proseslərdən kənarda qalmayacaq”.

Füzuli Qurbanov
Siyasi şərhçinin sözlərinə görə, Simonyanın açıqlamasında niyyəti yaxşıdır, hətta Azərbaycan daha öncədən eyni fikirlərlə çıxış edib:
“Bu, həm də Ermənistanın ölkəmizə qarşı münasibətinin dəyişdiyinə dair bir mesajdır. Təməlində Vaşinqtonda əldə olunan sülh razılaşması dayanır və memarı da Azərbaycandır. O cümlədən, Zəngəzur dəhlizinin açılması geniş məkanda ticarət əlaqələrinin qurulması, kommunikasiyaların bərpasına mühüm töhfə verəcək.
Ümumiyyətlə, sovet dönəmində münasibətlər tamamilə fərqli qurulmuşdu. Azərbaycan Ermənistan və Gürcüstandan asılı vəziyyətə salınmışdı. Bunların hamısı tarixə çevrildi. İki ölkənin bir-birindən nəyi idxal və ixrac edəcəyi isə sadəcə danışıqlar yolu ilə müəyyənləşəcək”.
Safura Bənnayeva
Globalinfo.az