ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib. Oval ofisdə keçirilən görüş təxminən 20 dəqiqə davam edib. Görüşdən əvvəl Tramp Paşinyanı Ağ Evin girişində qarşılayıb.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Nikol Paşinyanın Oval ofisdə ABŞ Prezidenti Donald Trampla görüşü Ermənistanda həm iqtidar, həm də müxalifət tərəfindən ciddi şəkildə izlənilir.
“Son zamanlar ölkədə Rusiya meyilli qüvvələr xeyli aktivləşib. Hazırda Paşinyanın reytinqi 10-12 faiz azalıb. Müxalifətin liderlərindən Sanvel Karapetyanın reytinqi isə kəskin artıb. O, həbsdə olmasına baxmayaraq maliyyə imkanlarını işə salaraq müxalifəti ətrafında birləşdirməyə çalışır. Kilsənin də Paşinyana qarşı mövqeyi məlumdur.
Belə bir atmosferdə ABŞ-ın Ermənistanla danışıqlarına şahid oluruq. Bu danışıqlarda təkcə Azərbaycanla bağlı məsələlər deyil, həm də Ermənistan–ABŞ münasibətləri müzakirə edilir. Çünki Bayden dövründə əldə olunmuş strateji tərəfdaşlıq sazişi var. İstisna deyil ki, tərəflər görüşdə bu sazişə sadiqliyini ifadə ediblər və gələcək icrası ilə bağlı məsələlər müzakirə olunub.
Zeynal Əmrəliyev
Ermənistan Rusiyadan asılılığı aradan qaldırmaq istəyir. Əvəzində ABŞ ilə əməkdaşlığı, xüsusilə hərbi sahədə artırmaq niyyətindədir. Bu baxımdan, liderlərin görüşündə hərbi əməkdaşlıq məsələlərinin müzakirə edilməsi təbiidir. Ermənistan ordusunu yeniləmək və Rusiyanın ölkədəki təsirini azaltmaq, eləcə də rus bazalarının çıxarılması məqsədi güdür. Danışıqlarda bu mövzuların gündəmə gətirildiyini söyləmək olar.
Politoloq əlavə edib ki, həmçinin tranzit xətlərinin ABŞ nəzarətinə verilməsi təminatı veriləcək. Bu, Ermənistanın qərbə inteqrasiyasını sürətləndirə bilər. ABŞ ilə Ermənistan arasında imzalanacaq yeni saziş ölkəni Rusiyadan uzaqlaşdıraraq qərbə yaxınlaşdıracaq.”
Turan Rzayev