ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Texas ştatından seçilmiş demokrat El Qrin Prezident Donald Trampa qarşı impiçment proseduruna başlanılması ilə bağlı qətnamə təqdim edib.
Globalinfo.az xəbər verir ki, sənəd konqresmenin şəxsi saytında dərc olunub.
“ABŞ Prezidenti Donald Trampa ciddi cinayətlər və yüngül qanun pozuntuları səbəbilə impiçment irəli sürülür” – deyə qətnamədə vurğulanır.
El Qrin bəyan edib ki, ABŞ Konqresinin liderləri planlaşdırılan hücumlar barədə lazımi şəkildə məlumatlandırılmayıb, halbuki digər ölkələrin rəhbərləri bu əməliyyatlar haqqında əvvəlcədən xəbərdar ediliblər.
Qrin ABŞ Konstitusiyasının 1-ci maddəsinin 8-ci bəndinin 11-ci hissəsinə istinad edərək bu halın hüquqi pozuntu olduğunu bildirib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Cəmi bir gün sonra İran cavab zərbəsi endirib və sonrakı günlərdə qarşılıqlı hücumlar davam edib. ABŞ isə iyunun 22-nə keçən gecə – eskalasiyadan 9 gün sonra – İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə zərbə endirib.
Aysel Əliyeva
Globalinfo.az














