ABŞ və Çin rəsmiləri Londonda yüksək səviyyəli görüşə başlayıblar. Görüşün məqsədi yalnız tariflərlə məhdudlaşmayan, nadir metalların ixracına qoyulan məhdudiyyətlərlə daha da dərinləşmiş ticarət mübahisəsinin qarşısını almaq və bu qarşıdurmanın qlobal təchizat zəncirinə və iqtisadi artıma vuracağı zərbəni minimuma endirməkdir.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, danışıqların ilk günü tərəflər təmtəraqlı “Lankaster Haus”da bir araya gəlib. Görüşün məqsədi ötən ay Cenevrədə əldə edilmiş ilkin razılaşmanı bərpa etməkdir. Həmin razılaşma Vaşinqton və Pekin arasında gərginliyi müvəqqəti olaraq azaltsa da, ABŞ sonradan Çini öhdəliklərə əməl etməməkdə – xüsusilə nadir metalların göndərilməsi məsələsində – ittiham edib.
Görüş hər iki ölkə üçün iqtisadi baxımdan kritik vaxta təsadüf edir. ABŞ-da Trampın ikinci prezidentliyindən sonra tətbiq edilən tarif dalğaları fonunda istehlakçı inamı və biznes etibarı zəifləyib. Eyni zamanda, ilin ilk rübündə qeydə alınan rekord idxal artımı nəticəsində ölkənin ümumi daxili məhsulu azalıb.
London danışıqlarında ABŞ maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qriyer iştirak edir. Çin tərəfinə isə Baş nazirin müavini Xe Lifenq rəhbərlik edir.
Aysel Əliyeva
Globalinfo.az