58-ci BMT İnsan Hüquqları Şurası sessiyasına qatılan 47 ölkədən 22-si Rusiya əleyhinə qətnaməni dəstəkləməyib.
Globalinfo.az xəbər verir ki bu barədə TASS məlumat yayıb.
Bu qətnamə Ukraynada insan hüquqları pozuntularını araşdıran komissiyanın mandatının bir il müddətinə uzadılmasını nəzərdə tuturdu.
Qətnamənin təşəbbüskarları, keçən il olduğu kimi, Qərb ölkələri, Ukrayna, Gürcüstan və Moldovadır. On səhifədən ibarət sənəddə Rusiya tərəfindən “düşmən ölkələr” siyahısına daxil edilən dövlətlərə məxsus qiymətləndirmələr yer alıb. Qətnamədə, həmçinin, Qərb ölkələrinin təşəbbüsü ilə yaradılan və Rusiyaya siyasi təzyiq göstərmək məqsədini daşıyan, Ukraynada baş verən hadisələri araşdıran komissiyanın mandatının bir il uzadılması təklifi yer alır.
Rusiya əleyhinə qətnaməyə qarşı səs verən ölkələr arasında Burundi, Çin, Sudan və Efiopiya var. 18 ölkə, o cümlədən Braziliya, İndoneziya, Qırğızıstan, Kolumbiya, Kuba və Cənubi Afrika səsvermədə iştirak etməyib.
Qətnaməni dəstəkləyən 25 ölkə arasında NATO və Aİ ölkələri, eləcə də Albaniya, Qambiya, Qana, Gürcüstan, Dominikan Respublikası, Kosta Rika və Çili kimi ölkələr yer alır.
Aysel Əliyeva
Globalinfo.az














