Xəzər dənizinin Novxanı sahilində suiti cəsədlərinin aşkar olunması sosial şəbəkələrdə müzakirə edilir. Bildirilir ki, son zamanlar dənizdə baş verən hadisələr heç də ürəkaçan deyil. Həm suyunun azalması, həm də tərkibi ilə bağlı iddialar fonunda suiti cəsədləri də narahatlığa səbəb olub.
Qeyd edək ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva da yerli mediaya açıqlamasında faktı təsdiqləyib. Xidmətin rəsmisi bildirib ki, Novxanı sahilində suitilərin ölümü hallarına rast gəlinməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması xidmətlərinin əməkdaşları əraziyə baxış keçirib.
Bu hadisə hansısa ekoloji problemlərin xəbərçisi ola bilərmi?
Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, bir neçə suitinin ölməsi heç bir təhlükədən xəbər vermir:
Ənvər Əliyev
“Bu rəqəm bir də ola bilər, üç də. Qorxulu olan 2022-ci ildə Dağıstan ərazisində minlərlə ölmüş suitilərinin sahillərə çıxması idi. Hətta onların qidanı həzm etmək imkanları olmamışdı. Bu, fəlakətdir. Ola bilər ki, dənizdə çatlardan çıxan kükürd qazları onlara təsir edib və dərhal ölüblər. Amma Bakıda bir-iki ölən suitinin olması təbii haldır. Yəqin ki, yaşamlarının sonu gəlib deyə cəsədlər görünüb. Nazirlik mütəxəssislərlə birlikdə ölən suitilərinin mədəsini açıb baxmalıdır. Zəhərlənmə, hansısa təhlükəli maddə varsa, mütləq aşkar olunacaq”.
Zaira Akifqızı
Globalinfo.az














