“Rəşadın oğlu atasının şəhid olduğunu bilir, amma bizə heç bir sual vermir”

 

“Rəşadın oğlu atasının şəhid olduğunu bilir, amma bizə heç bir sual vermir”

“Doğum günü ilə əlaqədar kürəkənimin məzarını ziyarət etdik, indi də yaşadığı binanın qarşısına gəlmişik. Onun burada barelyefi vurulmuşdu. Qonşular, qohumlar, ictimaiyyət nümayəndələri də iştirak etdilər. Təvəzökar açılış mərasimi keçirildi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli kürəkəni, Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, əfsanəvi şəhid pilot Rəşad Atakişiyevin doğum günü ilə bağlı danışarkən deyib.

O bildirib ki, axşam saatlarında Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçiriləcək:

“Həmin tədbirdə klassik musiqi ilə yanaşı, həm də onun haqqında xatirə çıxışı da olacaq. Rəşadın iki oğlu var. Böyük oğlu 5-ci, kiçik oğlu isə 1-ci sinifdə təhsil alır. Düzünü desəm, uşaqlar bu tədbirlərdə iştirak etmirlər. Çalışırıq ki, kiçik olduqları üçün onlara baş verənləri xatırlatmayaq.

“Rəşadın oğlu atasının şəhid olduğunu bilir, amma bizə heç bir sual vermir”

“Şücaətə görə” medalı hərbi pilot Rəşad Atakişiyevin ailəsinə təqdim edilir

Böyük nəvəm yəqin ki, atasının şəhid olduğunu bilir. Açığı, biz bu mövzuda onunla hələ danışmamışıq. Bəlkə də baş verənləri bilir, hiss edir. Amma bizə heç bir sual vermir”.

Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, əfsanəvi şəhid pilot Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə Xəzər dənizinə düşüb. Qəza nəticəsində Rəşad Atakişiyev itkin düşmüşdü. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. Pilotun nəşi 20 avqust tarixində tapılıb.

Rəşad Atakişiyev 21 avqust 2019-cu ildə ikinci Fəxri Xiyabanda dəfn edilib.

7 may 2021-ci ildə Hərbi Pilot Polkovnik Leytnant Rəşad Atakişiyevə Şəhid statusu verilib.

Allah rəhmət eləsin!

Zaira Akifqızı

Globalinfo.az