Ruben Vardanyandan təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi” hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına dair suallar verilib. Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar soruşulub.
Globalinfo.az xəbər verir ki, təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.