tramp 0

“Rusiya Prezidenti Vladimir Putinin qəfil ölümü və ya Ukraynanın sehrli əks-hücumu kimi mümkün olmayan ssenariləri nəzərə almasaq, müharibənin dörd real nəticəsi var”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” nəşrinin məqaləsində qeyd olunur.

Bildirilir ki, 4 mümkün ssenaridən birincisi Ukraynanın müharibədə dəhşətli məğlubiyyətə uğramasıdır:

“Mümkün olan ən pis ssenari Rusiyanın uzun müddət müharibəni davam etdirməsi və danışıqlardan yayınmasını nəzərdə tutur. Belə bir şəraitdə Ukrayna ABŞ-ın dəstəyi olmadan meydanda qalsa, hərbi məğlubiyyətlə üzləşə bilər. Vaşinqtonun Əfqanıstandan xaotik çıxışı ilə bağlı tənqidini nəzərə alan Tramp, belə fəlakətli nəticədən ehtiyat edəcək. Ukraynanın məğlubiyyəti qlobal təhlükəsizlik üçün ağır nəticələrə səbəb olacaq. Milyonlarla ukraynalı qaçqın xilası xaricdə axtaracaq, ölkədə qalan minlərlə insan isə Rusiya həbsxanalarına düşəcək. NATO strateji mövqelərini itirəcək, Polşa sərhədlərində isə Kreml tankları peyda olacaq”.

Nəşr yazır ki, ikinci ssenari birincidən çox da yaxşı deyil:

“Belə olan halda Qərbin lazımi dəstəyindən məhrum qalan Ukrayna, ölkənin parçalanmasını və rusiyayönlü hökumətin yaradılmasını nəzərdə tutan saziş bağlayaraq, zəiflik mövqeyindən güzəştə getməyə məcbur olacaq. Bu, Moskva üçün zəfər, Kiyev və müttəfiqləri üçün ciddi məğlubiyyət olacaq. Bu variantda Donald Trampın Nobel alması gözlənilmir”.

Məqaləyə əsasən, üçüncü ssenari hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur:

“Əgər bu, hərtərəfli sülh nizamlanmasına keçidin bir hissəsi olarsa, beynəlxalq təhlükəsizlik zəmanəti şərti ilə regionu sabitləşdirə və Ukraynanın suverenliyini qoruya bilər. Lakin atəşkəs sülh sazişi ilə müşayiət olunmazsa, bu, yalnız münaqişəni donduracaq. Minsk razılaşmalarının təcrübəsi göstərir ki, Rusiya hücumu bərpa etmək qərarına gəldiyi zaman müharibənin yeni mərhələsinin başlaması üçün yer açacaq”.

ABŞ-ın yeni seçilmiş dövlət katibi Marko Rubio isə müsahibəsi zamanı deyib: “Münaqişəni bitirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Biz sadəcə olaraq mübarizəni dayandırmaq və bir neçə ildən sonra hər şeyin yenidən başlamasını istəmirik”.

Dördüncü ssenarinin Ukrayna üçün ən yaxşı ümid olduğu bildirilir:

“Ukraynanın danışıqlar aparmaq üçün ABŞ-ın dəstəyi ilə öz mövqeyini gücləndirməyi nəzərdə tutulur. Bu, ölkənin iqtisadi dayanıqlığını, suverenliyini və təhlükəsizliyini təmin edəcək sazişin bağlanmasına imkan verəcək. Mövcud vəziyyəti nəzərə alsaq, 1991-ci il sərhədlərinə qayıtmaq mümkün deyil. Ukraynanın mövqeyini gücləndirmək üçün ABŞ-dan qəti addımlar, o cümlədən Rusiyaya qarşı sanksiyalar, hərbi dəstək və iqtisadi yardım tələb olunacaq. Ukrayna çox güman ki, müəyyən ərazi güzəştləri ilə razılaşmaq məcburiyyətində qalacaq. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusu göstərib ki, artıq ukraynalıların 32 faizi sülh naminə bu cür addımları nəzərdən keçirməyə hazırdır. ABŞ-ın etibarlı zəmanəti ilə bu rəqəm arta bilər. Trampın təsiri nəticəsində dörd ssenaridən hansının reallığa çevriləcəyi bilinəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: