imrs 1

ABŞ hökumətinin 2025-ci ilin ilk günlərindən aktiv diplomatik təmaslar qurması diqqət çəkir.

Əvvəlcə yanvarın 14-də Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Ardınca yanvarın 15-də ABŞ-ın vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsinə dair HƏMAS və İsrail arasında razılaşma əldə olundu.

Bütün bunların fonunda Çinin səssizliyini qoruması diqqət çəkir. Xüsusilə yeni seçilmiş Prezident Donald Trampın inaqurasiyasından öncə Pekinin sakitliyi fərqli istiqamətlər üzrə dəyərləndirilir.

Çin nəyi gözləyir? Proqnozlaşdırılan böyük rəqabət öncəsi ABŞ-la bağlı nə kimi yeni planlar var?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Çinin xarici siyasətinin əsasını döyüşmədən qalib gəlmək taktikası təşkil edir:

“Pekin hər zaman bu yanaşmanı tətbiq edib. Ümumiyyətlə, Çinin son dövrlərdə xarici siyasətinə baxdıqda iqtisadi əməkdaşlıqda maraqlı, xarici maliyyə yardımlar göstərən və münaqişələrdə birbaşa aktiv iştirak etməyən bir ölkə görmək olur.

Bu ölkənin çox ciddi iqtisadi potensialı və gəliri var. Pekin dünya Ümumi Daxili Məhsulunun (ÜDM) böyük bir hissəsində paya malikdir. Söhbət təkcə kənd təsərrüfatı məhsulundan deyil, həm də texnologiya və hərbi məhsullardan da gedir. Pekin, süni intellekt mövzusunda da qabaqcıldır, həmçinin dünyada elektromobillərin istehsalında böyük bir payı var. Göründüyü kimi, inkişaf edən bir Çin var və təbii olaraq xarici siyasəti də ənənəvi deyil”.

IMG 20241229 WA0069
Əli Mustafayev

Politoloqun sözlərinə görə, Trampın Panama kanalı ilə bağlı həmləsinin əsas səbəbi də məhz Çindir:

“Donald Tramp Çinin ABŞ-ı görünməyəcək şəkildə işğal etdiyini bildirib. Belə ki, Pekin bir çox strateji limanlara investisiya qoyaraq aşağı gömrük haqqı ödəyir. Bununla da dünya bazarında çəkisini artırır. Vaşinqton bunların fərqindədir və ona mane olmaq üçün əlindən gələni edir.

Çin əslində siyasi sahədə səssiz deyil, sadəcə metodu fərqlidir. Bu və ya başqa formada bütün münaqişələrin içərisindədir, maraqlı olduğu tərəfləri dəstəkləyir. Hətta fikrimcə, Vaşinqton bu gün hərəkət edirmiş kimi görünsə belə, əslində Pekin birbaşa addımlar atır. Yəni Çin çoxdan hərəkətə keçib, ABŞ isə bunu indi görür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: