Yeni adam peyda olacaq, Ukrayna savaşını bitirəcək – İlginc

Rusiya-Ukrayna müharibəsi başladığı gündən ABŞ Kiyevə dəstəyini davam etdirir, lakin Konqresdə bu yardımlarla bağlı fikir ayrılıqları mövcuddur. Yayılan məlumatlara görə, son olaraq ABŞ Prezidenti Co Bayden Ukraynaya 200 milyon yardım ayırıb.

Maraqlıdır, bu məbləğ rəsmi Kiyevin müharibədəki problemlərinin həllinə kömək edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, canlı qüvə olmadan edilən yardımlar mənasızdır:

“ABŞ başda olmaqla Qərb ölkələri münaqişədən yorulub. Zelenski artıq anlayır ki, Qərb onu yarı yolda buraxır. Bu gedişlə məğlubiyyətin çox yaxında olduğunu hiss edir. Rusiya isə uduş mərhələsindədir. Çox doğru olaraq verilən yardımın az olmasından söz açdınız. Əlbəttə, 200 milyon dollar belə bir savaş üçün “semiçka pulu”dur. Avropanın qabaqcıl ölkələrinin ali orqanlarında Ukraynaya yardımların dayandırılması tələbləri durmadan artır. Təəssüf ki, Ukrayna kimi bir ölkəni viran etdilər. Proses Ukraynanın kapitulyasiyaya imza atmasına doğru getməkdədir. Artıq dünya mediasında NATO-ya üzvlüyü fonunda Zelenskinin ərazi güzəştlərinə gedəcəyi barədə xəbərlər tirajlanmaqdadır. Bunlar da boşuna deyil. ABŞ “üzünü qorumaq”, yəni məğlubiyyətini hiss etdirməmək istəyir”.

Siyasi şərhçinin fikrincə, bu savaş 2024-cü ilin sonlarından tez bitməyəcək:

Cavanşir Abbaslı

“Gələn il noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. Baydeni başqasının əvəzləyəcəyi real görünür. Onun yerinə gələn şəxs isə bu savaşı bitirəcək. Təsəvvür edin, Çinlə çox yaxın əlaqələr qurmaq istəyən bir ABŞ görürük. Çin isə Amerikadan daha çox, Rusiya ilə yaxındır. Bu faktlar çox sualların cavabı deyilmi? ABŞ-ın verdiyi sifarişlə oynayan Zelenski elə onun sifarişi ilə də bu müharibəni bitirəcək. Düşünürəm ki, proseslər sona doğru gedir, əvvəldə dediyim zamanda savaş bitəcək, Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək.

Gələn il martın 17-də Rusiyada keçiriləcək prezindent seçkiləri həm də işğal edilən Ukrayna ərazilərində təşkil olunacaq. Donetsk və Luqansk məlumdur, üstünə də Zaporojye və Xerson vilayətləri gəlib. Bir sözlə, dünyanı heç də yaxşı günlər gözləmir. Dişsiz bir Qərb var, bir də dişini qıcayan Rusiya. İkinci uduşdadır. Gürcüstanı satan ABŞ, bu dəfə Ukraynanı qurban verdi”.

Safura Bənnayeva
Globalinfo.az