ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimi maraqla gözlənilir. Trampın fəaliyyətə başladığı andan xüsusilə xarici siyasət istiqamətində çox vacib qərarlar verəcəyi bildirilir.

Bəzi ekspertlərin fikrincə, yeni prezidentin Cənubi Qafqaza yanaşması Co Bayden administrasiyasından fərqli olacaq. Əsasən də Azərbaycana münasibətin dəyişəcəyi, Vaşinqton-Bakı əlaqələrində müsbət irəliləyişlərin əldə olunacağı ehtimal edilir.

Ümumiyyətlə yanvarın 20-dən sonra regionu, xüsusilə Bakını nə gözləyir?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Donald Tramp Azərbaycanla bağlı qərarları prezident səlahiyyətlərini icra etməyə başladıqdan dərhal sonra verməyəcək:

“Yəni Trampın öncəliyi Bakı olmayacaq. O, ilk 100 gün ərzində edəcəkləri və deyəcəkləri ilə ABŞ-ın xarici siyasət prioritetləri haqqında təsəvvür formalaşdırmağa çalışa bilər. Birinci diqqət ayıracağı mövzunun Rusiya-Ukrayna müharibəsi olacağı ehtimal edilir. Bundan başqa, Çin-ABŞ münasibətləri, Yaxın Şərqdə davam edən münaqişələr, gərginliklər, həmçinin Avropanın problemləri kimi məsələlər öncəlik təşkil edəcək.

1671011468 photo 2022 12 14 12 45 42
Fərhad Məmmədov

Bizim üçün maraqlı olan əsas məqam regionumuzla hansı ABŞ institutları və ya fərdlərin məşğul olacağıdır. ABŞ Dövlət Departamenti və milli təhlükəsizlik məsələləri üzrə məsləhətçidən hansının regionumuzla məşğul olacağı ilə bağlı qərar çox şeyi dəyişəcək.  Həmçinin ABŞ-ın Cənubi Qafqazda hansı ölkə ilə öz siyasətini paylaşacağı da vacib sualdır. Məsələn, bu, Fransa, ya da Türkiyə də ola bilər. Vaşinqtonun regionda birbaşa aktivlik ehtimalı çox azdır.

ABŞ-la münasibətlərində əsas həllidici faktor Azərbaycandır. Yəni rəsmi Bakının Ağ Evdə nə ilə maraq oyadacağı əsas məqamdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: