***02:55
Azərbaycanın ən məşhur uşaq mahnılarından “Cücələrim” bütün dünyada trend olub.
Globalinfo.az xəbər verir ki, mahnının orijinal və remiks versiyaları sosial şəbəkələrdə paylaşılır, milyonlarla insan tərəfindən izlənir.
Mahnının remiks versiyası geniş izləyici kütləsi olan xarici sosial şəbəkə səhifələrində paylaşılıb. Daha sonra 1959-cu ildə ifa olunmasına dair kadrlar tapılıb və yayılıb. Sürətlə tirajlanan mahnı daha geniş auditoriyaya çatdıqca barəsində reallığa uyğun olmayan qorxulu hekayələr uydurulub. Müxtəlif səhifələr ifanın orijinal videosunu “sözlərini anlamır, hansı dildə olduğunu bilmirik, lakin qorxu hiss etdirir” başlıqları ilə paylaşırlar. Bir çox sosial şəbəkə istifadəçisi də musiqi və ifanın onlara qorxu hiss etdirdiyini, lakin sözlərin mənasını öyrəndikdən sonra bunu xoş bir uşaq mahnısı kimi dinlədiklərini yazıblar.
Bəzi səhifələrdə ifa ilə bağlı görüntülər guya SSRİ-də yaşamış bir qrup uşağın nasist Almaniyasının təcrübə qurbanı olmazdan əvvəlki kadrları kimi təqdim edilib. Bəziləri də bu uşaqların kütləvi qırğına məruz qaldığını, ifanın yaxşı məna daşımadığını iddia edirlər. Lakin bir çox azərbaycanlı sosial şəbəkə istifadəçiləri paylaşımlara rəy bildirərək bunun sadəcə pozitiv bir uşaq mahnısı olduğunu bildirir, “Cücələrim” haqqında məlumatları qeyd edirlər.
Musiqisi bəstəkar Qəmbər Hüseynli, sözləri isə şair Tofiq Mütəllibova aid olan “Cücələrim”i böyük tamaşaçı qarşısında 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Əməkdar artist Suğra Bağırzadə ifa edib. S.Bağırzadə mahnının dünyada trend olması fonunda öz İnstaqram hesabında 1959-cu ildəki ifanı paylaşıb.
Qeyd edək ki, “Cücələrim” uzun illərdir bütün dünyada ən çox tanınan Azərbaycan mahnılarında biridir. Mahnının musiqi 1949-cu ildə bəstələnib, daha sonra sözlər yazılıb. Məlumatlara görə, 1950-ci illərdə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitdikdən sonra pianonun arxasına keçərək “Cücələrim”in melodiyasını ifa edir və deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin”.
Həmçinin, 1955-ci ildə İsveçrəyə gedən SSRİ nümayəndələrini təyyarə meydanında “Cücələrim” melodiyası ilə qarşılandıqları bildirilir. Elə həmin illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndələrini qarşılayanda SSRİ himni əvəzinə səhvən “Cücələrim” melodiyası ifa edilib.
1969-cu ildə “Cücələrim” məşhur Sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümünə salınıb və azərbaycan dilində səslənib.
Sosial şəbəkələrdəki paylaşımlardan bir neçəsini təqdim edirik:
Bu gönderiyi Instagram’da gör
Bu gönderiyi Instagram’da gör
Bu gönderiyi Instagram’da gör
Bu gönderiyi Instagram’da gör
Remiks versiyası:
Ayşən Mustafa
Globalinfo.az















