“İranda iqtisadi vəziyyətin son dərəcə ağır olduğu barədə xarici kütləvi informasiya vasitələri və düşüncə mərkəzlərinin verdiyi məlumatlar özünü doğrultmaqdadır”.
Bu sözləri politoloq Əlimusa İbrahimov İrandakı iqtisadi vəziyyəti Globalinfo.az-a şərh edərkən deyib.
O qeyd edib ki, molla rejimi beynəlxalq qüvvələr tərəfindən tətbiq olunan sanksiya və qadağaların iqtisadiyyata təsir etmədiyi fikrini müdafiə edirdilər:
“Lakin İran iqtisadiyyatı üzrə ixtisaslaşan mütəxəssislərin fikrincə, ölkənin dövlət xadimlərinin iqtisadi vəziyyətin gündən-günə inkişaf etməsi, əhalinin həyat səviyyəsinin yüksəlməsi barədə söylədikləri təriflər həqiqətdən çox-çox uzaqdır. İranın “Tasnim Nyus” agentliyinin verdiyi məlumata görə, hakimiyyət ölkə boyu 840 dövlət və ictimai təşkilata qaz verməsini dayandırmaq məcburiyyətində qalıb. Bu, dünya üzrə ikinci ən böyük qaz ehtiyatına malik olan bir ölkənin təbii ehtiyatının bitməsi mənasına gəlməsə də, şok təsiri bağışlayıb. Çünki İranda iqtisadiyyatın getdikcə tənəzzülə uğraması barədə xəbərlər son günlər daha sürətlə yayılmaqda idi. Amma enerji sektorunun bu tezliklə çökməsi gözlənilmirdi.
Müəssisələrin qaz təchizatının dayandırılması neft-kimya zavodlarının, metaləritmə sexlərinin, böyük fabriklərin istehsalı dayandırması anlamına gəlir və bu heç də İran üçün yaxşı nəticələrə gətirib çıxarmayacaq. Deməli, İranın enerji sektoru Qərb investisiyasının məhdudluğu və yeni texnologiyanın tətbiq edilməməsi səbəbindən istehsalı getdikcə aşağı salır”.
Ə.İbrahimov həmçinin bildirib ki, “Ticarət” qəzetində ötən həftə dərc olunan məlumat vəziyyətin daha da acınacaqlı olduğunu ön plana çəkir:
“Burada gedən məlumata görə, İran dövləti Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq olunan genişmiqyaslı sanksiyalar fonunda neftin barelini 37 dollara satır. Bu isə İranda istehsal olunan neftin maya dəyərindən cəmi 7 dollar artıqdır ki, bu da ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsinin səbəbinə qismən aydınlıq gətirir.
İlin sonuna yaxın İranın pul vahidi rial bütün antirekordları təzələyib. Bir İran rialının dollarla münasibətdə ekvivalenti 400 000-ə bərabərdir. Bu göstərici sübut edir ki, ölkəboyu baş verən iğtişaşların yatırılması ilə məşğul olan hökumət milli valyutanın sabit saxlanılmasında ciddi çətinliklə qarşı-qarşıyadır.
Enerji sektoru ilə məşğul olan beynəlxalq müşahidəçilərin fikrincə, İran gündə 700 min barel neft ixrac edir və belə olan halda ciddi maliyyə sıxıntısı yaşamamalıdır. Amma son aylarda İran hətta zəruri miqdarda dərman belə idxal edə bilmir”.
Ekspertin sözlərinə görə, əvvəllər İranın əsas tərəf-müqabili olan Çinə neft anlaşmalarında 10-20 faiz güzəşt etdiyi məlum idi ki, bu da bugünkü qiymətlərlə İran neftinin bir barelinin 65 dollara satıldığını düşünməyə imkan verirdi:
“Amma bir barelin 37 dollara satılması barədə heç vaxt söhbət getməmişdi. Belə məlum olur ki, İran elə Çinə də nefti bu qiymətdən satır. Çünki Çinlə əldə olunan razılaşmadan asılı olmayaraq, İran ona digər alıcılara satdığı qiymətdən baha qiymətə neft sata bilməz.
Neftin bir barelinin 37 dollara qədər salınması İranın hər gün neft ixracından 6 milyon dollar, ildə isə 16 milyard dollar itirməsi anlamına gəlir ki, bu məbləğ əvvəlki illərdə əldə olunan gəlirin yarısıdır. Neftdən gələn adambaşına gəlir İranda hazırda 200 dollar təşkil edir. Bu, OPEK-ə daxil olan Nigeriya və Venesueladan çox olmasına baxmayaraq İran iqtisadiyyatının ən azından stabil saxlanılması üçün kifayət etmir. Çünki adambaşına düşən 200 dolların hamısı belə İran öz iqtisadiyyatına və əhalinin ehtiyaclarına yönəlmir. Belə ki, vəziyyət nə qədər acınacaqlı olsa da, bu vəziyyətdə belə neftdən gələn gəlirin böyük bir hissəsi İranın Suriya, İraq, Yəmən və digər qonşu ölkələrdə həyata keçirdiyi əməliyyatları maliyyələşdirmək və hərbi sənayeni inkişaf etdirmək istiqamətində xərclənir. Heç də nikbin olmayan bu faktlar fonunda İran rəhbərləri, xüsusən ali dini rəhbər və prezident bütün çıxışlarında neft ixracı sahəsində əldə olunan nailiyyətlər və əhalinin həyat səviyyəsinin yüksəldilməsi barədə nikbin rəqəmləri ortaya qoyurlar. Əsl vəziyyət haqqında isə hamı susur, onu dövlət sirri kimi gizlədirlər”.
Politoloq əlavə edib ki, neft və neft məhsullarının ixracı nəticəsində formalaşan büdcəyə malik olmasına baxmayaraq, İran yenə də sanksiyaların istənilən nəticə vermədiyini və buna görə də nüvə danışıqlarında güzəştə getməyə ehtiyac olmadığını iddia edir:
“Bu iddialarla isə İran iqtisadiyyatında inflyasiyanın səviyyəsinin 50 faizdən artıq bir rəqəmə gəlib çatdığına, ən zəruri ərzaq mallarının qiymətinin iki dəfə artmasına göz yummaqda davam edirlər.
Nüvə proqramı sahəsində məhz İranın qeyri-konstruktiv mövqe tutması azmış kimi, bu dövlət Rusiya Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibədə kamikadze dronlar və digər silah növləri ilə təchiz etməkdə davam edir. Bu addımın özü də İrana qarşı Qərb tərəfindən ikinci cəbhənin açılması ilə nəticələnib. İndi sanksiyalar Rusiya ilə qeyri-qanuni silah sövdələşməsi ilə əlaqədar da gündəlikdədir. İran dünya dövlətlərinin tələbini qulaqardına vurduqca öz vəziyyətini daha da ağırlaşdırır. Bütün bunlar onu daha çox daxili və beynəlxalq iğtişaşlar girdabına çəkir. Enerji sektorunun iflasa doğru getməsi isə İran iqtisadiyyatının yaxın aylarda daha da acınacaqlı vəziyyətə düşəcəyindən xəbər verir”.
Gülnar Səlimova
Globalinfo.az