Şimalda Ukrayna müharibəsi, cənubda İran, şərqdə İsrail gərginliyi davam edir. Dünən gecə İranın İsrailə raket atması səbəbi ilə xeyli təyyarə Bakı aeroportuna məcburi eniş edib.
Son hadisələr səbəbindən təyyarələrin uçuşu, beynəlxalq hava daşımaçılığı iflic ola bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə müharibələrin getməsi, nüvə təhdidi, ballistik, uzaqvuran raketlərdən istifadə etmək təhlükəsizliyə təhdid yaradan vasitələrdir:
Arzu Nağıyev
“Münaqişə aparan dövlətlərin hava məkanını bağlaması ondan istifadə edən digər ölkələrə də aiddir. İsrail, Livan və İran üzərindən təyyarələrin həmin hava məkanından kənar getməsi, yaxın hava limanı kimi Bakını seçməsi mühüm məsələdir. İsrail İranı vurarsa, əhali sərhədlərdə yerləşən dövlətlərə üz tutacaq. Azərbaycan, Ermənistan və Türkiyəyə gedə bilərlər. Bu halda böyük qaçqın kütləsi ilə üz-üzə gələ bilərik.
Azərbaycan hərbi baxımdan öz hava məkanını qoruyur. Heç bir ölkəyə ərazi iddiamız yoxdur. Hərbi, xüsusi xidmət orqanlarımız və s. öz funksiyalarını ən yüksək səviyyədə həyata keçirməyə hazırdırlar”.
Safura Bənnayeva
Globalinfo.az