ABŞ-da keçiriləcək prezident seçkilərinin ölkəni çıxmaza sürüklədiyi ilə bağlı şərhlər yayılır. Bu şərhlərin müəllifləri ciddi, məşhur və güclü adamlardır. Namizədlər Kamala Harris və Donald Tramp siyasi qarşıdurmasında hansı xəttin qalib gələcəyi maraq doğurur.
ABŞ tənəzzülə gedir? Harris yoxsa, Tramp qalib gələcək? İkisindən biri qalibsə, ABŞ məğlub olacaq?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov ABŞ-dakı prezident seçkilərində Kamala Harrisin qalib gələcəyini düşünür:
“Donald Tramp prezidentliyi dövründə bir neçə istiqamətdə, biznes, işgüzarlıq mühitinin formalaşması, ABŞ maraqlarının qorunmasında gözəçarpan dərəcədə islahatlar apardı. Hətta müəyyən nailiyyətlər əldə edildi. Ancaq siyasi proseslərə baxdıqda onun qanundan uzaq baxışlarının, ABŞ siyasətinin özünəməxsus xüsusiyyətlərini zəiflətdiyinin şahidi oluruq. Eyni zamanda Yaxın Şərqdə baş verən proseslərdə də ciddi səhvləri oldu. Qüdsü İsrailə bağışladı, Qolan yüksəkliklərini İsrailə verdi və s. Bu kimi hərəkətlər Trampın siyasi məsələlərdə naşı olduğunu sübut edir. Son dərəcə tərəfli mövqe tutaraq bütün Ərəb-İslam dünyasının maraqlarına ciddi zərbələr endirmiş oldu. Avropada da onun fəaliyyəti ilə bağlı ciddi narazılıqlar ortaya çıxdı. Bir sözlə klassik tərzdə formalaşmış kollektiv Qərbin əsaslarını zəiflətdi. Sistemdən kənar adamların siyasətə gəlməsi böyük problemlərə səbəb olur. Ona görə də Kamala Harris həm öz partiyasının, həm də rəsmi Vaşinqtonu n klassik siyasət çərçivəsindən kənara çıxmayacaq”.
Tofiq Abbasov
Politoloqun sözlərinə görə, Demokratlar partiyası təşəbbüsü ələ alıb:
“Kamala Harrisin özünü və fəaliyyətini yerli, xarici mediada çox təhqiramiz formada xarakterizə edirdilər. Co Baydenin geri çəkilməsi ilə Harrisin fəaliyyətini müsbət istiqamətdə önə çıxartdı. Bu isə gözlənilməz idi. Davranışı, ünsiyyət manevrası, partiyasına xeyir gətirmək , seçki kampaniyasında pul yığma və s. məsələlərdə Harris fenomen oldu. Vaxtilə onu zəif siyasətçi kimi qələmə verib, qəbul etməyənlər indi tamamilə fərqli yanaşma nümayiş etdirirdilər. Harrisin həmin anlarda qəsdən kölgədə qaldığını düşünürəm. Məqamı çatdıqda isə yeni imicdə, obrazda Harris gördük, o artıq səhnədən qaçmır. Hətta Donald Tramp özü onunla növbəti debatlarda iştirak etməyəcəyi ilə bağlı açıqlama verdi. Bu da Trampın məğlubiyyəti kimi dəyərləndirilə bilər”.
Tofiq Abbasov qeyd edir ki, Donald Tramp Respublikaçılar partiyası sıralarında o qədər də sevilən, rəğbət edilən insan deyil:
“Onun kobud xarakteri var. Kompromisləri hər zaman rədd edir, öz bildiyini, məqbul gördüyünü etməyə çalışır. Bu da partiya daxilində ona qarşı qıcığın yaranmasına səbəb olur”.
Safura Bənnayeva
Globalinfo.az














