Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev Rusiya ilə sülh danışıqlarında vasitəçilərə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, müharibəyə son qoymaq üçün Kiyevə müttəfiqlər və sülh konfransı lazımdır.
Digər tərəfdən Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə qalib gəlmək üçün hazırlanan yeni planının artıq 90 faizinin hazır olduğunu bəyan edib.
Kiyevin planı nə dərəcədə özünü doğrulda bilər? Rusiya-Ukrayna cəbhəsində sülh real görünürmü?
Globalinfo.az-a danışan politloq Zeynal Əmrəliyev deyib ki, sülhün əldə edilməsi ilə bağlı ABŞ və Avropa arasında fikir ayrılığı var:
“Vaşinqton hesab edir ki, müharibə bir qədər də uzanmalıdır. Çünki bu müddətdə Rusiyanın resursları tükənəcək. Avropada isə fərqli düşüncə hakimdir. Onlar tezliklə tərəflər arasında sülhün əldə edilməsini istəyirlər. Buna səbəb isə Avropa ölkələrində Rusiyanın enerji ehtiyatlarına güclü tələbatın olmasıdır. Ona görə də tez bir zamanda Rusiya ilə iqtisadi, xüsusilə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsini arzu edirlər.

Zeynal Əmrəliyev
Bu məsələ ilə bağlı qoca qitədə fikir ayrılığı var. Şərqi Avropa ölkələri Ukraynanın qalibiyyətinə inanmır və Kiyevə dəstək verilmədən qələbə çalmasını istəyirlər. Ancaq Avropanın qərb ölkələri Rusiyanın məğlub edilməsinin tərəfdarıdır. Ukraynanın Almaniyadakı səfirinin verdiyi açıqlama Kiyevin sülh danışıqlarını istəmədiyini göstərir. Məqsəd Rusiyanı məğlub etməkdir. Çox təəssüf ki, hazırda hər iki dövlət sülhə çox uzaqdır”.
Politoloqun sözlərinə görə, nə Kiyev, nə də Moskva sülh üçün hərəkət etmək istəyir:
“Hər iki tərəf bir-birini məğlub etməyə çalışır. Ukrayna Prezidenti Volodimir Zelenski də verdiyi açıqlamada qələbə planının 90 faizinin hazır olduğunu deyib. Söhbət sülhdən yox, qalibiyyətdən gedir. Deməli, Ukrayna da müharibəni davam etdirmək niyyətindədir. Hazırda əldə ediləcək sülh tərəflərdən heç biri üçün sərfəli deyil. Moskva istədiyinə çatmayıb, Kiyevin ərazisinin çox hissəsi işğal altındadır. Ukraynanın planının indiki halda reallaşması bir qədər çətin məsələdir. Bunun üçün Qərb dövlətlərindən daha çox dəstək lazımdır. Hər iki halda önümüzdəki payız müharibə üçün çox gərgin keçəcək”.
Turan Rzayev
Globalinfo.az














