Qarabağ ermənilərinə yardım şousu – Hərbi toqquşma riski artdı

Qarabağ ermənilərinə yardım şousu - Hərbi toqquşma riski artdı

Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib ki, Paris Ermənistana 29 milyon avro verəcək. Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.

XİN başçısı onu da qeyd edib ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək.

Bu qədər yardımın verilməsi nəyə hesablanıb? Yeni eskalasiya riski varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransanın Ermənistana hər zaman dəstək verdiyi heç kimə sirr deyil:

“Hərbi texnikalar, silah-sursat daşınması, eləcə də erməni əsgərlərin yeni silahlardan istifadəsini təmin etmək üçün təlimlərin keçirilməsinin şahidi oluruq. Bununla paralel olaraq 29 milyon avronun da rəsmi İrəvana verilməsi nəzərdə tutulur. Lakin bu elə də böyük məbləğ deyil. Bu vəsait Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin Ermənistana inteqrasiyası üçün nəzərdə tutulub. Qarabağdan gedən ermənilər Ermənistan vətəndaşı olmalıdırlar”.

Qarabağ ermənilərinə yardım şousu - Hərbi toqquşma riski artdı

Məhəmməd Əsədullazadə

Politoloqun sözlərinə görə, İrəvanla Paris hərbi, texniki və siyasi məsələlərdə ciddi əməkdaşlıq edir:

“Bu əməkdaşlıq günü-gündə inkişaf edir. Hətta Fransa Ermənistanı təhlükələrdən, Rusiya təzyiqindən qoruyacağı ilə bağlı da açıqlama verib. Ermənistanın belə silahlandırılması regionda destabilizasiya riski yaradır. Bu qədər yardımın verilməsi Ermənistanın Azərbaycan qarşısında hərbi mövqeyini gücləndirmək, danışıqlarda rəsmi İrəvanın ciddi güzəştə getməməsini təmin etmək istiqamətində atılan addımlardır. Lakin Ermənistana ciddi silahlar verilmir. Digər tərəfdən Azərbaycanın güclü ordusu var və bu dəstəklər regionda rolları dəyişməyəcək”.

Safura Bənnayeva
Globalinfo.az