“Ermənistan ərazisindən keçən kommunikasiyaların təhlükəsizliyini təmin etmək İrəvana həvalə olunub”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, üçtərəfli bəyanata əsasən, Ermənistan ərazisindən keçən rabitə vasitələrinin təhlükəsizliyinin təmin edilməsi funksiyası İrəvana həvalə edilib.
“Son vaxtlar regional kommunikasiyalarla bağlı müzakirələr intensivləşib. Bu müzakirələrdə bəzi məqamlar da var. Bu günlərdə Rusiyanın yüksək rütbəli rəsmisi bəyan edib ki, üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat rabitəsinin təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin olunacaq. Amma üçtərəfli bəyanatda bu yazılmayıb. Əksinə, orada deyilir ki, Ermənistan kommunikasiyaların təhlükəsizliyini təmin edir və buna zəmanət verir”, – Paşinyan bildirib.
O, həmçinin əlavə edib ki, üçtərəfli bəyanatın 9-cu bəndi bütün regional kommunikasiyaların açılmasını özündə ehtiva edir. Burada kontekstdən kənar şərhlər zərərlidir.
Müşviq Tofiqoğlu
Globalinfo.az