Son günlər müzakirə olunan məsələlərdən biri də ölkədə bəzi tanınmış simaların, eləcə də bir neçə xanımların əməliyyat vasitəsilə göz rəngini dəyişməsidir. Bu, ictimaiyyətdə narahatlıq doğurur.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan oftalmoloq Qurban İsmayılov deyib ki, tibb göz rəngini dəyişməyi qadağan edir.
Onun sözlərinə görə, bu əməliyyat dünya və Avropa oftalmologiyası tərəfindən qəbul və təsdiq olunmamış əməliyyatdır:
“Göz rəngini dəyişdirmək xüsusilə qadınlar arasında seçilən bir əməliyyat növüdür. Bu, çox riskli əməliyyatdır. Təsəvvür edin, sağlam buynuz qişanın daxilinə yad cisim olaraq rəng yeridirlər. Bəbəyin ortasına toxunmadan kənarları rəngləyirlər. Həmin əməliyyatların uzaq nəticələri məlum deyil”.
Qurban İsmayılov
Oftalmoloq buna nəzarət qaydasının olmadığını təəssüflə qeyd edib:
“Bu əməliyyata respublikanın baş oftalmoloqu, mütəxəssis kimi mən və digər ağlı başında olan bütün oftalmoloqlar qarşıdır. Nəinki biz buna qarşıyıq, hətta Avropa oftalmologiyası tərəfindən də qəbul olunmur. Adətən, bu əməliyyatlar inkişafdan qalmış ölkələrdə tətbiq olunur. Ağlı başında olan adam həmin əməliyyatı etdirməz. Çünki dünyanın heç bir yeri göz rəngini dəyişməyi qəbul etmir. Bəzi həkimlər üçün əsas məsələ pul qazanmaqdır. Bu, yanlış addımdır. Həkim olaraq əminliklə deyirəm ki, şəxsən mən bu əməliyyatı etdirmərəm”.
Zaira Akifqızı
Globalinfo.az